Tariyel Qurbanovu şantaj edən qadın məhkəmə zalında tutuldu

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb. Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanov və Mirvasif Mahmudov adlı şəxsi də şantaj etməkdə təqsirləndirilirlər.

Ciniayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Shailə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Prokuror bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.