WhatsApp Image 2025 04 24 at 13.11.34

Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Belə ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Szinpinin iştirakı ilə imzalanma mərasimi olub. 

Bu qərar ölkəmizə hansı dividentləri gətirə bilər?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Çinlə vizanın ləğv edilməsi iki dövlət arasında miqrasiya mübadiləsinin genişlənməsinə şərait yaradır:

“Keçən il Azərbaycan Çin vətəndaşları üçün bir qayda olaraq, viza rejimini götürmüşdü. Bu da nəticə etibarilə, son bir neçə ay ərzində ölkəmizə səfər edən Çin vətəndaşlarının sayının artmasına gətirib çıxardı. Qeyd edim ki, miqrasiya mübadiləsi intensiv olduğu təqdirdə, bu, hava nəqliyyatı üçün də müsbət hadisəyə çevrilir. Aviareyslərin sayının artırılması, beynəlxalq hava limanlarının şəbəkəsinin böyüdülməsi sərnişindaşıma və yükdaşımada mühüm detallardır. Digər tərəfdən, hər iki ölkənin vətəndaşları səfər edərkən turizm infrastrukturundan geniş şəkildə istifadə etmək imkanı qazanır və bu, daha çox mənfəət deməkdir”.

azər

Azər Allahverənov

Millət vəkilinin sözlərinə görə, burada həm də mədəniyyətlərarası dialoq məsələsi var:

“Şübhəsiz ki, son qərar, xalqlararası mübadilənin yüksək səviyyədə olması, mədəniyyətlərarası dialoqun qurulması üçün əlverişli imkanlar yaradır. Artıq Azərbaycanla Çin arasında olan müsbət tendensiyalar intensiv xarakter alacaq. Bunlarla yanaşı, qeyd olunan sənəd, biznes dairələrinin, müxtəlif şirkət və təsisat rəhbərlərinin, nümayəndələrinin prosesdə fəal iştirak etməsinə, sonrakı mərhələdə yeni investisiyaların cəlb olunmasına yol açacaq”.

İqtisadçı Elman Sadıqov bildirib ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğv olunması qarşılıqlı ticarət əlaqələrini daha da sürətləndirəcək:

“Həmçinin idxal əməliyyatlarının da artması ehtimalı var. Əsas divident gətirəcək məqamlardan biri logistika ilə bağlıdır. Yəni Çinə gedən və ya gələn yük maşınları üçün əlavə olaraq, vizaya ehtiyac olmayacaq. Bu isə logistika sahəsində müsbət bir haldır. Digər tərəfdən, turizm sahəsində faydaları gözlənilir. Düşünürəm ki, turistlər, həm də tələbələr üçün bu ölkəyə səfər etmək daha rahat olacaq”.

elman 1

Elman Sadıqov

İqtisadçı qeyd edib ki, Çindəki yeni texnologiya, sahibkarların təcrübələri, istehsalda, emalda müəyyən bilgilərin qazanılması müsbət tərəflərdən hesab olunur:

“Xüsusilə imkanlı çinli turistlərinin Azərbaycana cəlb olunmasına diqqət yetirmək lazımdır. Bu, həm də valyuta gətirilməsinə xidmət edəcək”.

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, ötən ildən ölkəmizə səfər edən çinli turistlərin sayında artım müşahidə olunur:

ceyhun

Ceyhun Aşurov

“Bu il Azərbaycanla vizanın ləğv edilməsi iki ölkə arasında gəliş-gedişlərin də sayına təsir edəcək. Pekin rəsmi Bakının hədəf bazarları sırasında yer alır. Viza ilə yanaşı, artıq birbaşa uçuşların sayı da artırılır. Ötən ilin birinci rübü ilə müqayisədə, Çindən gələnlərin sayı 1,8 dəfə çoxalıb. Gələcəkdə bu rəqəm daha da yüksələcək. Qeyd edim ki, Çin dünyada turizm xərcləri çox olan birinci ölkədir”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: