netanyahu 1 900x563 1

İsrail ABŞ-dan aldığı hərbi maliyyə yardımını mərhələli şəkildə dayandıraraq iki ölkə arasında yeni əməkdaşlıq modelinə keçməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb. Onlar qərarı İsrail iqtisadiyyatının artıq xarici maliyyə dəstəyindən asılı olmadan fəaliyyət göstərə biləcək səviyyəyə çatması ilə əsaslandırıb.

Məlumata görə, Netanyahu administrasiyası ABŞ ilə münasibətlərdə “yardımdan tərəfdaşlığa keçid” mərhələsinin başlandığını bəyan edib.

İsrail Baş nazirinin ofisi bildirib ki, Netanyahu hələ 1996-cı ildə ölkənin ABŞ-dən aldığı iqtisadi yardımı tədricən sıfıra endirmək vədinə əməl edib. İndi isə eyni yanaşmanın hərbi yardımla bağlı həyata keçirilməsi nəzərdə tutulur. 

ABŞ dövlət katibi Marko Rubio da təşəbbüsü təsdiqləyərək İsrailin öz hərbi ehtiyaclarını maliyyələşdirmək imkanına malik olduğunu bildirib.

Onun sözlərinə görə, Donald Tramp maliyyə yardımı komponentinin mümkün qədər tez dayandırılmasını istəyir. Bunun əvəzində İsrail ABŞ-dən silahları birbaşa satın ala və birgə hərbi istehsal layihələrində iştirak edə bilər.

Qeyd edək ki, ABŞ hazırda İsrailə hər il təxminən 3,8 milyard dollar hərbi yardım göstərir. Mövcud 10 illik maliyyə razılaşmasının 2028-ci ilin sentyabrında başa çatması nəzərdə tutulur.

Tahir Turan
Globalinfo.az

Paylaş: