Tanınmış musiqiçi Hüseyn Bakılı vəfat etdi

Tanınmış müğənni, qarmon ifaçısı Hüseynəli Həsənov (Hüseyn Bakılı) vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında məlumat verib.

Hüseyn Həsənov 1970-80-ci illərdə ən dəbdə olan musiqiçi kimi tanınıb. O, uzun illər müğənni Hüseynağa Hadıyevlə el şənliklərinə, toylara bərabər gedib. H.Həsənov Əlibaba Məmmədovun “Hümayun” xalq çalğı alətləri ansamblında işləyib. Həmçinin Zeynəb Xanlarovanın rəhbərlik etdiyi musiqi kollektivində qarmon ifaçısı olub. O, Ağadadaş Ağayevin ansamblında həm qarmon ifa edib, həm də paralel olaraq müğənni ilə duet oxuyub. Hüseyn Bakılı sovet dövründə çəkilmiş teletamaşalarda solo müşayiətçi kimi də tanınıb. Əsasən Hacıbaba Bağırovun baş rolda çəkildiyi tamaşalarda aktyoru qarmonda müşayiət edib.

Hüseyn Həsənov mərhum xanəndə Hacıbaba Hüseynovun qardaşı oğludur. O, noyabrın 12-də Nardaran qəbristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

Zaira Akifqızı
Globalinfo.az