eldar ismayilov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşmalı olan iki ictimai əhəmiyyətli iş vəkillərə görə təxirə düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki işi hakim Eldar İsmayılov araşdırır.

Bunlardan biri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri işləmiş Eldəniz Qulamovun, digəri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Rüfət Sultanov və onunla birgə ittiham olunan şəxslərin işidir.

Hər iki işdə prokuror çıxış edib. Birində vəkillərin yekun çıxışı, digərlərində təqsirləndirilən şəxslərin son sözləri qalıb. Amma hər dəfə bir vəkil olmadığı üçün məhkəmə başa çatmır.

Bu gün hakim Eldar İsmayılov hər iki işdə vəkillərə və təqsirləndirilən şəxslərə son xəbərdarlıq edib. Hakim müdafiəçilərin bu hərəkətini məhkəməni süni şəkildə uzatmaq kimi qiymətləndirib: “Uzun müddətdir, hakim işləyirəm. Təcrübəmə əsasən bilirəm ki, vəkillər sona yaxın bu metoddan istifadə edirlər. Məsələn, indi Eldəniz Qulamov deyir ki, mən müdafiəçisiz qalmışam. Bundan əvvəlki işdə də müdafiəçilər işi pozdu. Məhkəmə qurtarana yaxın yeni vəkil tutmaq, işi qəsdən uzatmaqdır. Mən istəmirəm bu yaşda Vəkillər Kollegiyasına məlumat göndərim ki, vəkil prosesə gəlmir. Belə addımlar atmayın, imkan verin məhkəməni yekunlaşdıraq!”

Hakim təqsirləndirilən şəxslərdən növbəti iclasda vəkillərinin iştirakını təmin etməyi tələb edib.

Vəkillər olmadığı üçün proseslərdən biri ayın 11-nə, digəri 18-nə təxirə salınıb.

Qeyd edək ki, hakim Eldar İsmayılovun artıq 65 yaşı tamam olub, son bir neçə işini yekunlaşdıran kimi təqaüdə gedəcək.

Paylaş: