Taksim teraktı: Bayden Türkiyədən bunun qisasını alır – Türk ekspert

Türkiyənin Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, prof.dr.Hüsaməddin İnaçın Globalinfo.az-a müsahibəsi:

– Hüsaməddin bəy, İstiqlal küçəsində törədilən terakt son 6 ildə baş verən ilk belə hadisədir. Sizcə, indiki məqamda bu teraktın baş verməsinə səbəb nədir?

– Ümumiyyətlə, 15 iyul 2016-cı ildə baş verən hərbi çevrilişə cəhd Türkiyənin siyasi xəttini dəyişdirdi. Bu hadisədən sonra ölkəmizin daxili və xarici siyasətdə apardığı milliləşmə siyasəti başda ABŞ olmaqla bir çox ölkələri narazı saldı.

Xüsusilə Türkiyənin Şimali İraq və Suriyada apardığı antiterror əməliyyatları, habelə Suriyada BMT-nin tanıdığı qanuni hökuməti dəstəkləməsi ABŞ-ı narazı salıb.

– Sizcə, ABŞ Türkiyəni hədəf alıb?

– Bəli, belə də demək olar. Türkiyənin günü-gündən güclənməsi və müstəqil xarici siyasət yürütməsi Vaşinqtonu narahat edir. Bu gün bir çox məsələlərdə Ankara və Vaşinqton arasında fikir ayrılıqları var.

Bunlardan biri də Vaşinqtonun terror təşkilatlarını himayəsinə alıb, dövlətlərə qarşı istifadə etməsidir. Türkiyə terror təşkilatlarından ən çox əziyyət çəkən ölkələrdəndir. 30 ildən artıqdır ki, ölkəmiz terror təşkilatları ilə mübarizə aparır. Rəsmi Vaşinqton özünü müttəfiqimiz kimi təqdim etməsinə baxmayaraq, mübarizə apardığımız PKK-PYD-YPG-ni açıq şəkildə dəstəkləyir. Yeri gəlmişkən, ABŞ digər bir terror təşkilatı FETÖ-nun rəhbəri Fətullah Güləni də Türkiyəyə təslim etmir. Görünür, ABŞ Prezidenti Co Bayden prezident seçkiləri zamanı baş verənləri unutmayıb.

– “Co Bayden prezident seçkiləri zamanı baş verənləri unutmayıb” deyərkən nəyi nəzərdə tutursunuz?

– ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın seçilməsini istəyirdi. Bu istiqamətdə də kifayət qədər dəstək nümayiş etdirildi. Lakin təəssüf ki, seçkilərin nəticələri istədiyimiz kimi olmadı. Baydenin seçiləcəyi təqdirdə Türkiyə əleyhinə nələrinsə olacağı məlum idi.

Taksim teraktının baş verməsi onu deməyə əsas verir ki, Bayden seçkilər zamanı Türkiyənin Trampa dəstək verməsinin intiqamını alır. Məsələ ondadır ki, Türkiyə bu gün seçkilərə hazırlıq görür və belə bir zamanda teraktın baş verməsi, daxildə çaxnaşma yaranması ilə Türkiyənin qeyri-sabit ölkə olduğu mesajının verilməsinə çalışılır. Bu yolla həm də Prezident Ərdoğanın nüfuzuna zərbə vurmaq istəyirlər.

Yeri gəlmişkən, Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündən dönən zaman Prezident Rəcəb Tayyib Ərdoğan bir daha ABŞ-ı “terror təşkilatlarına dəstək verən dövlət” adlandırdı. Hesab edirəm, bu açıqlamadan sonra Taksim teraktının baş verməsi təsadüf deyil.

– Hüsaməddin bəy, Taksim teraktı ilə Türkiyəyə nəyi diktə etmək istəyirlər?

– Bu gün Türkiyə bir yox, bir çox məsələlərdə öz sözünü deyir, sərbəst xarici siyasət yürüdür. Misal üçün, İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Türkiyə bu gün Ukrayna müharibəsində də fərqli mövqe sərgiləyir. Yəni Rusiyanın işğalını tanımadığı kimi, Qərbin sanksiyalarına da qoşulmur. Lakin başda ABŞ olmaqla bir çoxlarını narahat edən əsas məsələ Türkiyənin TDT-ni günü-gündən gücləndirməsi və Avropa Birliyi formatında inkişaf etdirməsidir. Türkiyə Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin təşkilatın müşahidəçi üzvü olmasını təmin etdi. Bu addım da ABŞ-ı narahat edir. Taksim teraktı və bundan sonra ehtimal olunan hadisələr Türkiyəni bu yoldan döndərə bilməz.

Turan Rzayev
Globalinfo.az