Şuşada bu sənəd imzalanan gün Xankəndidə nə baş vermişdi? – 3 il öncəki proseslərin “unudulan” detalları

Bu gün – iyunun 15-i Şuşa Bəyannaməsinin imzalanmasından 3 il ötür. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyətin ardınca, Azərbaycan və Türkiyə arasında 2021-ci ilin 15 iyununda müttəfiqlik münasibətlərinin inkişafı haqqında Şuşa Bəyannaməsi imzalandı.

Bu 3 ildə Bəyannamədən irəli gələn hansı işlər görülüb? Bu sənəd Azərbaycana suverenliyini bərpa etmək istiqamətində hansı köməklikləri göstərib?

Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, bu, sıradan sənəd, bəyannamə deyil:

“Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, strateji əlaqələrinin güclənməsi, hərbi əməkdaşlığı, bir-birinə dayaq dura biləcəklərini və gələcəkdə baş verəcək hər hansı problemdə yan-yana rəsmi formada dayana biləcəklərini sübut edən bəyannamədir. Hər iki ölkə üçün çox önəmlidir. Şuşa Bəyannaməsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında Xankəndi və digər əraziləri antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlədi. Bununla da ərazi suverenliyimiz bərpa edildi. Bu, Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edir”.

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirlər:

15 iyun 2021-ci il. Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini imzalayıb.

“Hər iki ölkə hərbi sənayesini inkişaf etdirmək və iqtisadiyyatını gücləndirməklə bir-birilərinə dəstək olurlar. Bu Bəyannamə ilə hər iki ölkə əslində düşmən dövlətlərdən sığortalanmış oldular. Dosta və düşmənə verilən mesaj kimi qiymətləndirilməlidir. Birlikdə olduqlarını və iki ölkə ilə güc dilində danışmağın mümkün olmadığını, ikisindən birinə qarşı əgər toqquşma riski olarsa, qarşılıqlı dəstək verəcəklərini rəsmi şəkildə göstərmiş oldular. Azərbaycan və Türkiyənin ardınca digər türk dilli dövlətlər də bu kimi bəyannamə imzalayaraq əməkdaşlıq qura bilər”.

Globalinfo.az xatırladır ki, 2021-ci il 15 iyun günü Şuşa şəhərində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladığı sözügedən sənəd Ermənistanda həyəcan və təlaşla izlənirdi. Həmin vaxt ermənilər iki qardaş türk respublikasının arasında imzalanan bu strateji sənədin Ermənistan üçün yaxşı bir şey vəd etmədiyini deyirdilər. Xankəndidəki separatçılar isə prosesi qorxu ilə izləyirdilər. Hətta o dövrdə bir çox erməni politoloq, jurnalist yazırdı ki, separatçıların sonu yaxınlaşır.

Azərbaycan ictimaiyyəti isə bu sənədin imzalanmasından sonra əmin oldu ki, Xankəndi, Xocalı daxil, işğaldakı bütün ərazilər tezliklə düşməndən təmizlənəcək. Üstündən 2 il 3 ay keçdikdən sonra deyilənlər gerçək oldu: Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Safura Bənnayeva
Globalinfo.az