Suriyada 10 il döyüşdü, öldüyü elan edildi – Məhkəmə

2016-cı ildə Suriyada döyüşlərdə iştirak edərkən öldüyü elan edilən Şahin Salayevin işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Vasif Eyniyev bildirib ki, 2021-ci ildə Suriyaya gedib. 2023-cü ildə tutularaq Azərbaycana gətirilib: “Şahin Salayevi xatırlamıram, orda olub-olmadığını bilmirəm. Orda o qədər adam var idi. Hamısını necə tanıyım?”

Prosesdə şahidin ifadəsi elan olunub. İfadədə göstərilib ki, o, Şahin Salayevlə Suriyada bir yerdə döyüşlərdə iştirak edib. Şahid deyib ki, sonradan tutularaq əvvəlcə Türkiyəyə gətirilib, 11 ay orda cəza çəkəndən sonra Azərbaycana ekstradisiya olunub.

Digər şahid Səfa Dadaşov isə bildirib ki, Suriyada döyüşdüyü üçün hazırda cəza çəkir: “2019-cu ildən 2022-ci ilə qədər Suriyada qruplaşmanın tərkibində olmuşam. Amma Şahin Salayevi tanımıram”.

Səfa Dadaşovun da ifadəsi elan olunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, Şahin Salayevlə Suriyada tanış olub: “Biz bir qruplaşmanın tərkibində olmuşuq. Özümüzü müdafiə üçün silahımız olub”.

Proses sentyabrın 4-də davam etdiriləcək.

İttihama görə, Şahin Salayev İŞİD terror təşkilatının silahlı münaqişələrində iştirak edib. Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi (dini məzhəbləri yaymaq zəminində Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmə) ilə ittiham olunub.

Şahin Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici dövlət ərazisində tutularaq Azərbaycana gətirilib. Onun Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olub.

Araşdırmalar zamanı məlum olub ki, Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib.