Qriqoryandan sülh mesajı: dekabrın sonunu işarə etdi

Xəbər verdiyimiz kimi, 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında iki ölkə arasında bir neçə məsələ ilə bağlı razılıq əldə olunduğu bildirilmişdi.

Globalinfo.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya açıqlamasında Bakı və İrəvan arasında baş tutan razılığın yalnız iki tərəf arasında aparılan danışıqlar nəticəsində əldə olunduğunu bildirib.

O, Ermənistanın dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu qeyd edib.

“Bu təcrübə göstərdi ki, problemlərin həlli məntiqi ilə hərəkət etmək istəyi böyükdür və bunun üçün ən böyük fürsət sülh müqaviləsidir”, – o deyib.

Qriqoryan vurğulayıb ki, Ermənistanın təklif etdiyi münasibətlərin nizamlanması üçün üç əsas prinsip qəbul olunarsa, bu, sülh müqaviləsi mətninin 70 faizindən çoxunu razılaşdırmağa imkan verəcək:

“Əgər xarici işlər nazirləri, sonra isə ölkələrin liderləri mümkün qədər tez bir araya gəlsələr, hazırlıqlar bir ay ərzində tamamlana bilər və siyasi iradə olarsa, sülh müqaviləsi imzalana bilər”.