Şoyqunun müavini məhkəmədə – VİDEO

Rüşvət üstündə həbs olunan Rusiya müdafiə nazirinin müavini Timur İvanov məhkəmədə günahını etiraf etməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün paytaxtın Basmannı Rayon Məhkəməsi aprelin 23-də saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxıb.

Məhkəmə zamanı külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılan nazir müavini təqsirli olmadığını deyib və günahını etiraf etməyib.

Məhkəmədə iş üzrə dəymiş ziyanın məbləği dəqiqləşdirilməyib, bunun hələ də istintaq tərəfindən müəyyən olunduğunu izah edib.

Məhkəmə İvanov barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. Həmin dövrdə Moskva vilayətinin qubernatoru hazırki müdafiə naziri Sergey Şoyqu olub. İvanov 2013-2016-cı illərdə – “Oboronstroy” ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.