Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna dronlarının Baltikyanı ölkələr və Finlandiya üzərindən dron hücumları həyata keçirməsini sərt tənqid edib. Şoyqu bildirib ki, Rusiya beynəlxalq qanunlara uyğun olaraq özünümüdafiə hüququnu qoruyub saxlayır.
Adıçəkilən ölkələr NATO üzvüdür. Analitiklərin fikrincə, Moskva hücuma keçəcəyi təqdirdə Alyansın Nizamnaməsinin 5-ci maddəsi işə düşücək və NATO–Rusiya müharibəsi başlayacaq. Rusiya artıq illərdir bu ölkələri hədələyir.
Mövcud geosiyasi vəziyyətdə belə bir qarşıdurmanın baş verməsi nə dərəcədə real görünür?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, hazırkı geosiyasi şəraitdə Rusiyanın Finlandiya və Baltikyanı ölkələrə, Estoniya, Latviya və Litvaya qarşı birbaşa hərbi hücuma keçməsi ehtimalı aşağı qiymətləndirilir, lakin tam istisna edilmir:
“Bu isə NATO üzvlüyü olan ölkələr üçün əsas çəkindirici amildir. Alyansın 5-ci maddəsi kollektiv müdafiəni nəzərdə tutur və bu, Rusiyanın mümkün hücumunun avtomatik olaraq NATO ilə daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riskini yaradır. Bu isə Rusiya Prezidenti Vladimir Putin rəhbərliyindəki Moskva üçün yüksək strateji və hərbi xərclər deməkdir. Sergey Şoyqu kimi rəsmilərin sərt ritorikası daha çox siyasi-psixoloji təzyiq aləti kimi qiymətləndirilə bilər. Bu tip bəyanatlar, adətən, NATO-nun şərq cinahında hərbi mövcudluğunu zəiflətmək, həmçinin daxili auditoriyaya güc nümayiş etdirmək məqsədi daşıyır.

Elman Telmanoğlu
Digər tərəfdən, Rusiyanın artıq Ukrayna müharibəsinə ciddi hərbi, iqtisadi və diplomatik resurslar sərf etməsi onun eyni vaxtda yeni genişmiqyaslı cəbhə açmaq imkanlarını məhdudlaşdırır. Bu faktor da Baltik regionuna qarşı birbaşa hücum ehtimalını azaldır. Bununla belə, risk tamamilə sıfıra bərabər deyil. Daha real ssenarilər arasında hibrid təhdidlər (kiberhücumlar, dezinformasiya), sərhəd insidentləri və ya provokasiyalar, regionda hərbi təzyiqin artırılması kimi addımlar ön plana çıxır.
Nəticə etibarilə, indiki mərhələdə genişmiqyaslı hücumdan çox qarşılıqlı çəkindirmə və gərginliyin idarə edilməsi siyasəti müşahidə olunur. Lakin tərəflər arasında yanlış hesablamalar və ya eskalasiya riski beynəlxalq təhlükəsizlik üçün əsas narahatlıq olaraq qalır”.
Safura Bənnayeva
Globalinfo.az