Şok versiya: İranda saxlanılan azərbaycanlılar Bakıya təhvil verilə bilər

İranın Qum şəhərində saxlanılan azərbaycanlılarla bağlı yeni detallar üzə çıxıb. İran hökumətinə bağlı “Azəriha” saytı tutulanların Orxan Məmmədov və Tohid İbrahimbəyli olduğunu yazıb.

Saxlanılan şəxslərin taleyinin necə olacağı haqda suallar dolaşır. Onlar İranda qalacaqlar, yoxsa Azərbaycana təhvil veriləcəklər? Saxlanılma səbəbləri nədir? Cinayət törədiblər, İran xüsusi xidmət oraqanlarının hansısa tapşırığını icra etməyiblər? Suallar çoxdur. Cavab isə dəqiq və birmənalı deyil.

Lakin bəzi qeyri-rəsmi məlumatlara və gedişata istinad etməklə nəticə çıxarmaq mümkündür.

Neçə illərdir Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsi istiqamətində iş aparan, təbliğat quran, faktiki öz xalqına, ölkəsinə xəyanət xətti tutan bu dəstə haqda cəmiyyətin kifayət qədər məlumatı var. İrana sığınan və Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərin “Kərimə” adlı “dövlət” yaratmaq istədiyi məlumdur. Onlar bu mövzuda internet resursları üzərindən vaxtaşırı çıxışlar edirlər. Azərbaycanı, ölkə rəhbərliyini hədələyirlər.

İran-Azərbaycan münasibətləri kəskinləşdikdən sonra bu bədnam dəstənin rolu xeyli artdı. İran bu satqın dəstədən daha çox istifadə etməyə başladı. Onlar da bunu fürsət bilib, ağalarına xoş gəlmək üçün ağıllarına və ağızlarına gələni danışdılar.

Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terrordan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşdi. Münasibətlər pisləşdikcə, bu dəstəyə ehtiyac da artmağa başladı. Onlara verilən təlimata uyğun şəkildə Azərbaycanda dini dövlət yaradacaqları haqda təbliğatı artırdılar. Hətta Bakını İran raketləri, tankları ilə hədələdilər.

DİN və DTX-nın ardıcıl əməliyyatları nəticəsində İranın Azərbaycandakı agentura şəbəkəsi xeyli zəiflədildi. Deputat Fazil Mustafa qarşı silahlı hücumdan sonra isə bu əməliyyatların miqyası daha da böyüdü. Azərbaycan dövləti bu xain dəstəyə, dönük şəbəkəyə göz açdırmır. Nöqtə zərbəsi ilə darmadağın edilirlər.

Qeyri-rəsmi məlumatlara və prosesin axarına diqqət etdikdə belə anlaşılır ki, artıq xüsusi əməliyyat İran tərəfə keçib. Rəsmi Bakının iradəsi və tələbi ilə İrandakı xain dəstə saxlanılır – hələlik gəlinən nəticə budur.

Mümkündür ki, bu, iki ölkə arasında razılaşmanın nəticəsidir. Son vaxtlar İran Azərbaycanla intensiv danışıqlar aparır. Xarici işlər nazirlərinin telefon danışıqları və bəzi proseslər bunu söyləməyə əsas verir. Rəsmi Tehran Azərbaycanla barışmağa, münasibətləri qaydaya salmağa meylli görünür. Başqa yolu da yoxdur. İran anladı ki, zor, hədə dili ilə diktəsini həyata keçirə bilməyəcək.

Azərbaycan əvvəlki ölkə deyil. Onunla bu cür rəftar İranın özünə problem yaradır.

Burda bir incə məqamı da qeyd etmək yerinə düşər: Tehran nəyə görəsə hesab edirdi ki, ABŞ-ın, İsrailin İranla bağlı planında Azərbaycan plastarm funksiyasını yerinə yetirəcək. Beynəlxalq birliyə İranın parçalanması planlarında yaxından və açıq dəstək verəcək. Halbuki belə deyil. 2006-cı ildən bəri İranla bağlı Qərbin qəbul etdiyi qərarlarda rəsmi Bakının rol almayacağı dəfələrlə bəyan edilib. Prezident İlham Əliyev bu haqda qəti mövqe bildirib. Bu, dövlət olaraq bizim maraqlarıma uyğun deyil. Birincisi, Azərbaycan heç bir qonşusuna qarşı belə rəftara qol qoymaz. İkincisi, İranda yaşayan əhali dindaşlarımız və qardaşlarımızdır. Üçüncüsü, qonşu ölkənin ABŞ, İsrail tərəfindən hərbi hücuma məruz qalması ölkəmiz üçün böyük humanitar fəlakətə səbəb olar.

Yəqin İran artıq bu həqiqəti anlayıb, qəbul edib və Azərbaycanla münasibətləri düzəltmək, normal əməkdaşlığı bərpa etmək üçün qərar verib. Nəticədə istifadəsində olan xain dəstəni Bakıya təslim edir.

Hər halda yaxın günlərdə gerçəklər üzə çıxar. İranın həqiqətən belə bir niyyətinin olub-olmadığı bilinər.

Lakin Azərbaycan dövlətinin ən əsas tələblərindən biri səfirlik terroru ilə bağlı istintaqın şəffaf, ədalətli aparılması ilə bağlıdır. İran bu tələbi yerinə yetirsə, demək, səmimidir və münasibətlərin düzəlməsində, siyasi-diplomatik əlaqələrin bərpasında maraqlıdır.

Aydın Aslan
Globalinfo.az