SOCAR və MN-dəki kadr dəyişikliyi: Hərbi ekspertlə partiya sədri detalları izah edir

 

Müdafiə Nazirliyində və SOCAR-da son təyinatlar, işdən azad edilmələr diqqət çəkir. MN-də artıq xeyli vaxtdır təmizləmə aparılır. Bir neçə yüksəkrütbəli hərbçi işdən çıxarılıb, həbs edilib, istintaq altındadır. Dünən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun tutduqları vəzifədən azad edilməsi haqda məlumat yayıldı. Düzdür, nazirlik daha sonra bu xəbəri təkzib etsə də iddia aktuallığını qoruyur.

Maraqlıdır, hazırda baş verənlər təmizləmə prosesidir, yoxsa sıradan prosedur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Müdafiə Nazirliyində struktur dəyişiklikləri 44 günlük müharibədən sonrakı dövrdə başlayıb:

Ədalət Verdiyev

“Hazırda bu proses kifayət qədər intensivləşib. Bildiyiniz kimi Aqil Qurbanov müdafiə nazirinin müavini təyin edildikdən sonra maliyyə, kadrlar, şəxsiyyət baş idarəsi, satınalmalar kimi vacib sahələr məhz onun kurasiyasına verildi. Bunun MN-də daha əvvəl rastlaşdığımız 80 və 42 milyon maliyyə mənimsəmələri ilə bağlı olduğu iddia edilir.

Ehtimallar var ki, bundan sonrakı dövründə də Aqil Qurbanov bu kimi neqativ proseslərin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək. O ki, qaldı işdən azad edilən polkovniklərə, MN rəsmən bunu təkzib etdi.

Bəzən MN müəyyən tərxis olmalar barədə ictimaiyyətə məlumat vermir. Hər bir halda bəzi şəxslər vəzifədən azad edilsə də tərxis edilmir, adı sərəncamda saxlanılır və ya başqa vəzifəyə təyin edilir.

Hesab edirəm, hadisələri izləmək lazımdır. Baş verən neqativ halları ölkə başçısı da ictimaiyyətdə yaxından izləyir”.

AĞ Partiya başqanı Tural Abbaslı isə deyib ki, son zamanlar MN və SOCAR-da mühüm şəxslərin vəzifədən uzaqlaşdırılması prosesi gedir:

Tural Abbaslı

“Bunu ümumi mənada Müdafiə Nazirliyi və SOCAR-ın təmizlənməsi kimi qiymətləndirmək olar. Xüsusilə ordudakı məsələlər mənim üçün önəmlidir. Çünki ordu bir dövlətin can damarıdır. Ordudan rus qalaqlarının və digər ölkə maraqlarına xidmət edən şəxslərin təmizləməsi vacibdir.

Əlbəttə, birmənalı şəkildə adıçəkilən qurumlardan çıxarılan şəxslərin hamısının başqa ölkələrin maraqlarına xidmət etdiyini demək də doğru olmaz.

Mümkündür bunlar prosedura uyğun təyinatlar və işdən azadetmələr olsun. Hər halda bu şəxslərin vəzifələrindən uzaqlaşdırılması səbəbsiz deyil.

SOCAR-ın adı FETÖ ilə hallanıb. Xüsusilə bu, keçmiş prezidenti Rövnəq Abdullayevin dövründə daha sıx gündəmə gəlirdi. Bu da onun personası ilə bağlı olub.

Hazırda kadr dəyişiklikləri edilsə də səbəb ictimaiyyətə elan edilmir. O insanlar SOCAR-dan FETÖ və ya başqa ünvanlarla işbirliyinə görə xaric ediliblərsə, haqlarında araşdırılma aparılmalıdır. Yəni təkcə vəzifədən uzaqlaşdırılma ilə kifayətlənilməməlidir. Hüququ təqib başladılmalıdır. Bu dediklərim MN-ə də aiddir”.

Turan Rzayev
Globalinfo.az