Rus Pravoslav kilsələrinin Azərbaycandakı rəhbəri Aleksiy Smirnovun son vaxtlar atdığı addımlar birmənalı qarşılanmır.
Globalinfo.az xəbər verir ki, A. Smirnov Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “MƏKAN MMC”yə məxsus binada A. Dolininə aid evin əlindən alınması ilə bağlı məhkəmədə iddia qaldırıb.
Məlumata görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndi-Zadə tərəfindən baxılır və məhkəmə iclası aprelin 22-nə təyin edilib.
Bildirilir ki, Smirnovun kilsəyə məxsus olduğunu iddia etdiyi evin sahibi bir müddət əvvəl onun tərəfindən Bakı Xəzəryanı Yeparxiyasındakı vəzifəsindən zorla kənarlaşdırılıb. A. Dolinin heç bir ərizə yazmadığı halda, onun yerinə kimlərsə ərizəyə imza ataraq Aleksiy Smirnov tərəfindən işdən azad edilib.
Bununla bağlı A. Dolinin tərəfindən dövlət qurumlarına müraciətlər edilib. Lakin din xadimi Azərbaycana gələr-gəlməz dərhal məhkəmələrə üz tutub.
O, məsələni dinin məqbul saydığı sülh və danışıqlar yolu ilə həll etmək əvəzinə məhkəməyə müraciət edir.
Qeyd edək ki, vətəndaş A. Dolinin 2017-ci ildə MMC tərəfindən söküntü aparılmış ərazidə tikilən yeni binada mənzil alıb. Lakin yepiskop A. Smirnov qərəzli şəkildə həmin mənzili vətəndaşın əlindən almağa çalışır. O, vətəndaşı qanunsuz olaraq işdən çıxarıb və bundan sonra məhkəməyə müraciət edərək mənzilini də əlindən almaq istəyir.
Eyni zamanda, 21.04.2026-cı il tarixində Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskopun Azərbaycan vətəndaşı Ramil Aslanovla da məhkəmə çəkişməsi davam edir. Alınan məlumata görə, bütün sənəd-sübutlar təqdim olunub və məhkəmənin hansı qərar verəcəyi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Smirnov din xadimidir və bu məsələni mənəviyyat və əxlaq çərçivəsində həll etməlidir. Mehribanlıq yaratmaq əvəzinə hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət edir. Yepiskop bu hərəkətləri ilə nə etmək istəyir? Bu, şəxsi qərəz və qanunsuzluq kimi qiymətləndirilir.
Adətən, vətəndaşlar narazı olduqda din xadimlərinə müraciət edir, ədalətin dini prinsiplər əsasında həllinə çalışırlar. Lakin bu halda yepiskop Aleksiy Smirnov məhkəmələrə müraciət edərək Azərbaycan vətəndaşının evini əlindən almağa çalışır.
“MƏKAN MTK”nın bu məsələdə hansı mövqedə olduğu və hansı maraqları güddüyü isə hələ də məlum deyil. Mübahisəli məsələlər məhkəmə müstəvisindən daha çox sülh müstəvisinə keçirilməli, tərəflər barışdırılmalı və ədalətli mövqe formalaşdırılmalıdır.