WhatsApp Image 2026 05 05 at 12.21.32

Bu gün Sfera.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.

05 may 2012-ci ildən fəaliyyətə başlayan Sfera.az bu müddət ərzində ölkənin informasiya məkanında özünəməxsus yer tutaraq müstəqil və obyektiv media qurumu kimi tanınıb. Fəaliyyətinin əsas məqsədi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri, eləcə də dünyada diqqət çəkən hadisələri operativ, dəqiq və etibarlı şəkildə oxuculara çatdırmaq olub. Eyni zamanda, fəaliyyəti boyu ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin, aparılan islahatların, qəbul olunan qərar və proqramların geniş və obyektiv şəkildə işıqlandırılmasına xüsusi diqqət yetirib.

Cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin düzgün təqdim olunması, rəsmi mövqelərin və ictimai rəylərin balanslı şəkildə çatdırılması Sfera.az-ın prioritetlərindən biri olub. Bu illər ərzində Sfera.az yalnız xəbər yayımı ilə kifayətlənməyərək, müxtəlif sahələri əhatə edən müsahibələr, analitik yazılar, reportajlar və müəllif məqalələri ilə də seçilib. Gündəmə uyğun mövzuların araşdırılması, aktual məsələlərin təhlili və cəmiyyət üçün maraq doğuran sualların işıqlandırılması saytın fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.

Oxuculara fərqli baxış bucaqları təqdim etməyə, hadisələrin mahiyyətini daha dərindən izah etməyə daim üstünlük verilib. Sfera.az-ın fəaliyyətinin bütün mərhələlərində prinsip  dəyişməz qalıb – obyektivlik, qərəzsizlik və müstəqillik. Məlumatların dəqiqliyi və operativliyi ilə yanaşı, onların balanslı şəkildə təqdim olunması prioritet olub və bu yanaşma illər ərzində oxucuların etimadını qazanmağa şərait yaradıb. Bizim üçün oxucular sadəcə izləyici deyil, həm də informasiya prosesinin aktiv iştirakçılarıdır.

Sfera.az-ın redaksiyanın əlaqə vasitələri ilə daxil olan məlumatlar sayəsində hadisələri daha operativ və dolğun işıqlandırmaq imkanı yaranır. Oxucu ilə qurulan bu qarşılıqlı əlaqə saytın inkişafında mühüm rol oynayıb. Sfera.az-ın fəaliyyəti dövründə müxtəlif qurumlar, təşkilatlar və tərəfdaşlarla əməkdaşlıqlar quraraq informasiya mübadiləsinin genişlənməsinə və oxuculara daha keyfiyyətli, zəngin məzmun təqdim olunmasına nail olunub. 14 il ərzində qazanılan təcrübə və oxucu etimadı Sfera.az üçün ən böyük dəyərdir. Sfera.az bu müddət ərzində saytla olan bütün oxucularına və tərəfdaşlarına təşəkkür edir.

Sfera.az bundan sonra da yenilənən media mühitinə uyğunlaşaraq, etibarlı informasiya mənbəyi kimi fəaliyyətini davam etdirəcək.

Globalinfo.az kollektivi olaraq Sfera.az-ın əməkdaşlarını təbrik edir, onlara yeni uğurlar azrzulayırıq.

Paylaş: