Sərkisyan həddini aşdı: ona Bakıdan kim cavab verəcək?

 

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkəsinin Müstəqillik Günü ilə bağlı müraciətində revanşist fikirlər səsləndirib. O, dolayı yolla erməniləri yeni müharibəyə, işğal və qətliamlara çağırıb.

Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, Sərkisyan və bir neçə nəfər Azərbaycanla Ermənistan arasında əldə olunan nəticələrə, sülh prosesinə kölgə salmaq istəyirlər:

“Bu qüvvələr xaricdən idarə olunur, sözügedən istiqamətdə çox zəif də olsa, bir-iki budaq tutmağa ümid edirlər. Sərkisyan heç bir şəxsi nüfuzu, siyasi çəkisi olmayan, üstəlik istifadə olunub atılmış kartdır. Azərbaycanı guya hədələməsi öz şəxsi xəyallarının ifadə forması, xəstə təfəkkürünün məhsuludur. Məhz bu səbəblərdən Sərkisyan Azərbaycan tərəfindən cavab verilməli bir fiqur deyil. Cavab adətən rəsmi şəxslərə verilir. Yox, əgər revanşist ritorika praktikada tətbiqə keçsə, bunun nəticəsi hamıya məlumdur. Düzü, belə olacağını düşünmürəm. Azərbaycan qədər erməni cəmiyyəti də artıq bilir ki, bu şəxslərin məqsədi öz maraqlarının təmin olunmasıdır. Ermənilərin istifadə, xəyanət, üzüdönüklük xislətinə əmin olan regional aktorların da sayı artdı. İndiki azsaylı nümayişçilər də, Sərkisyan da sosial bazası, dayağı olmayan fiqurdur”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Xocalıdan mühüm mesajlar verib:

“Şərqdə ilk müsəlman dövlət qurmuş xalqın ali nümayəndəsi kimi Müstəqillik Günündə Xocalını erməniləşdirməyə çalışan, separatçılıq yuvasına çevirən kəslərə məhz Xocalıdan, məhz Ermənistanda indi cərəyan edilən proseslər fonunda mesajın verilməsi tam yerində, zamanında atılmış addımdır. Ermənistanın ayağa dura bilməsinin yolu Xocalı faciəsini, hərbi cinayətini tanımaqdan, etirafdan və üzrdən keçir. Reallıq odur ki, Ermənistanın ali rəhbəri Nikol Paşinyandır. Bütün bunlardan sonra da məhz ondan yenidən müsbət fikir gəldi ki, Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün hesab edir. Paşinyanın sülh sazişini istənilən gün imzalamağa hazır olduğunu bildirməsi, hər günü əla imkan kimi görməsi də onu göstərir ki, hər nə qədər pozucu cəhdlər edilsə də işlər Ermənistanda da nəzarət altındadır”.

Ş.Həsənova xatırladıb ki, dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlməyin real göründüyünü bildirib:

“Sülhə gedən yol, sözsüz ki, hamar olmayacaq. Konkret və abstrakt olmaqla itkiləri də istisna etmək olmaz ki, istənilən yanlış addım Ermənistanın başında çatlayacaq. Qazaxın işğal altında olan yeddi kəndindən dördü Azərbaycana qaytarıldısa, itki olmadısa, Ermənistan dərk etməlidir ki, düyünlər itkisiz də açıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az