KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov NATO-nun Qərb sərhədlərində qüvvələrini gücləndirdiyini, bunun Şərqdən gələn qondarma təhlükədən müdafiə bəhanəsi ilə edildiyini deyib.
O bildirib ki, təhlükə bəhanəsi ilə Ukraynanın maliyyə və silahlarla təchiz edilməsi, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi davam edir.
Serdyukov həmçinin dünyada geosiyasi vəziyyətin yaxın gələcəkdə də qeyri-sabit qalacağını deyib. Onun sözlərinə görə, buna səbəb Kollektiv Qərbin yeni gərginlik ocaqları yaratmaqla öz dominantlığını saxlamaq cəhdləridir.
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, NATO-nun KTMT-nin Qərb sərhədlərində öz qüvvələrini gücləndirməsinin pərdəarxasında mühüm bir səbəb dayanır:
“NATO üzvü olan bir ölkə Rusiyaya hücum edərsə, ona hansısa şəkildə dəstək verilə bilər. Məsələ bundadır ki, alyans üzvlərindən birinə hücum olarsa, həmin ölkənin qorunması mümkündür. Amma üzv ölkə başqa bir ölkəyə hücum edərsə, ittifaq onu qorumur. Yəni NATO bütün ehtimalları nəzərə alır.
Lakin indiki məqamda Rusiyanın NATO ölkələrinə hücum riski daha çoxdur. Məsələn, bir müddətdir Polşa ilə bənzər fonda gərginlik yaşanır. Amma Moskvanın hazırda NATO ölkələrindən birinə hücum etməsi inandırıcı deyil.
Hesab edirəm, Rusiya daha çox Ukraynanın Qərb vilayətlərinə hücum həyata keçirə bilər. Bu da öz növbəsində həmin ərazidəki NATO ölkələrini təhdid altında alır. Mümkündür ki, alyans məhz buna görə sərhədə qoşun cəlb edir”.
Turan Rzayev
Globalinfo.az