Azərbaycan baş prokuroru Kamran Əliyevin Qarabağın keçmiş separatçı liderlərinin cinayət işlərinin istintaq mərhələsini bitdiyini elan etməsi onların bir çox müdafiəçilərində narahatlığı artırıb.
Globalinfo.az xəbər verir ki, xüsusilə narahatlıq separatçı liderləri müdafiə edən Ermənistan və Rusiyadakı bəzi dairələrdə yaranıb. Onları özəlliklə narahat edən məqam həbsdəki separatçıların bu dairələrlə hansı gizli əlaqələrin olmasını məhkəmədə açıqlayacağıdır.
Təsadüfi deyil ki, bu gün “Tovariş general” rusdilli Teleqram kanalı bənzər narahatlığını ifadə edib. Kanal yazır:
“Araik Arutyunyanın elan edilən, amma yayımlanmayan intervüsü var idi. Görünün onun yayımına qarşı aktiv şəkildə Nikol Paşinyanın özü çıxıb. Sağlam məntiq deyir ki, Bakı Qarabağı idarə edənlər üçün qrup halında məhkəmə prosesi hazırlayır. Görünür, vaxtı çox uzatmaq istəmirlər. Qərbin güclü hüquq müdafiə maşını, qərbli siyasətçilər “Qarabağ liderlərinin” qanunsuz həbsi iddiasından artıq yan keçirlər. Belə görünür, onlar arasında (separatçı liderlər – red.) kimsə sındırılıb, kimsə də Əliyevlə razılığa gedib. Lakin məhkəmədə alçaldıcı etiraflar və sensasiyaların olacağı dəqiqdir. Onlar Bakıya kömək edəcək ki, Qərb siyasətçiləri arasında korrupsiyalaşmanı və Ermənistanın qanunvericiliyində Qarabağ separatizminin mövcudluğu ilə bağlı məsələləri aktuallaşdırsın. Məhkəmə prosesinin başlaması isə artıq məhbuslarla kulis sövdələşmələrinin başa çatdığını və qərarın qəbul olunmasını göstərir.
Yekunda Bakı məhkəməsində olacaqlar Nikol Paşinyanın əməyidir. Karma sözsüz ki, onu da haqlayacaq”.
Maraqlı məqam odur ki, separatçı liderlərin Bakıda məhkəməyə çıxarılacağı artıq Ermənistandakı separatçıları da narahat etməyə başlayıb. Onlar xüsusilə bu fonda separatçıların sonuncu lideri Samvel Şahramanyanın da İrəvanda həbs olunub, mühakimə ediləcəyindən qorxurlar. Təsadüfi deyil ki, bu gün müsahibə verən Qarabağdakı keçmiş qondarma rejimin “deputatı” Metakse Akopyan Şahramanyanın həbsinə hazırlığın anonsunu verib:
“Araik Arutyunyanın Qarabağda istefaya göndərilməsi prosesi məhz Ermənistandan koordinasiya olunurdu. Məqsəd isə Qarabağda hakimiyyətsizlik yaratmaq idi. Qarabağa müdaxilə və liderlərin həbsi də həmçinin ümumi planının tərkib hissəsi idi. Məqsəd Qarabağ məsələsini bağlamaq idi. Paşinyan indi Azərbaycanı razı salmaqdan ötrü Şahramanyanın həbsinə gedə bilər”.
Bu faktı gücləndirən başqa məqam isə ötən həftə Qarabağın separatçılarının İrəvandakı ofisinə xüsusi təyinatlıların hücumu və ardınca Şahramanyanın dindirilməyə çağırılması olub.
Ermənistan rəsmiləri isə hələlik susurlar. Bununla belə, hakimiyyətyönlü media ara-sıra separatçıları Rusiyanın maraqlarına xidmətdə və Paşinyan administrasiyasına qarşı gizli fəaliyyətdə ittiham edir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatından sonra Qarabağdakı separatçıların önəmli liderləri saxlanmışdı. Onlar sırasında keçmiş “prezidentlər” Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, “dövlət naziri” Ruben Vardanyan, “spiker” David İşxanyan, “müdafiə naziri” Levon Mnatsakanyan, “müdafiə nazirinin müavini” David Manukyan, “xarici işlər naziri” David Babayan yer almışdı.
Əliyar Xəlil
Globalinfo.az