Separatçıların hiyləgər planı – narazılığı şişirdib, buna nail olmaq istəyirlər

Qarabağdakı erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə çatıb. Samvel Babayanın “dövlət naziri” təyin edilməsi üçün təzyiqlərini artırması fonunda Rusiyadan göndərilən və hələ də Xankəndidə olan Ruben Vardanyan da fəallaşıb.

Maraqlıdır, separatçılar arasında fikir ayrılığının pik həddə çatması nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Qarabağda separatçılar arasında fikir ayrılıqları mövcud olduğundan artıq şişirdilir:

Elxan Şahinoğlu

“Misal üçün, yazırlar: ““Parlamentin” “spikeri” prezidentin istefasını və ya yeni seçkilər tələb edib”, “Qarabağ “prezidenti” ilə təhlükəsizlik şurasının keçmiş katibi arasında fikir ixtilafı mövcuddur”, “Samvel Babayan vəzifə istəyir” və ya “Ruben Vardanyan Araik Arutunyana qarşı yeni hərəkat formalaşdırıb”.

Bu cür xəbərlərin yayılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı “siyasi fiqurların” mövcud olduğunu aşılamaqdır. Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda “özünüidarə uğrunda mübarizə gedir” və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər. Biz isə beynəlxalq aləmə Qarabağda separatizmin günlərinin azaldığını, onların tərksilah olunacağını və Xankəndidə Azərbaycan qanunlarının işləyəcəyini təlqin etməliyik”.

Turan Rzayev
Globalinfo.az