“Separatçılara imkan verməməliyik, antiterror əməliyyatı keçirib, məhv etməliyik”

Bu gün “DQR”in “müstəqillik” günüdür. Arayik Arutyunyanın istefası sonrası proseslərdə qeyri-müəyyənlik davam edir. Bəzi ekspertlər hesab edir ki, ötən gün Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribat sonrası bənzər insidentlərin separatçılar ilə də yaşana bilər.

Maraqlıdır, nələr olacaq? Ermənistanın təxribatları davam edəcək? Separatçılar ilə də hərbi toqquşmaların olması mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatların genişmiqyaslı hərbi toqquşmalara çevrilmə ehtimalı azdır:

Qabil Hüseynli

“Ermənistan belə bir riski gözə ala bilməz. İrəvanın strategiyası dəyişmir. Ənənəvi olaraq bizi təxribata çəkərək öz ərazisində hərbi toqquşmaların olmasını istəyir. Bu yolla bizi BMT TŞ başda olmaqla beynəlxalq təşkilatlara şikayət edə biləcəklərini düşünürlər.

Amma bu və bu kimi cəhdlər nəticəsizdir. Yəni nə edirlər etsinlər, biz bu təxribatlara getməyəcəyik.

O ki qaldı “DQR”in “müstəqillik” günü məsələsinə, biz belə bir qurum, dövlət tanımadığımız kimi qeyd etdikləri günü də tanımırıq. Hesab edirəm, belə bir məsələnin dilə gətirilməsi belə doğru deyil.

Arayik Arutyunyandan sonra özlərinə yeni lider seçmələrinə icazə verə bilmərik. Hazırkı xaos vəziyyətindən istifadə edib antiterror əməliyyatlarına başlaya bilərik”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarına “müstəqillik” günü ilə bağlı məktub göndərib və Ermənistanı onları dəstəkləyəcəyini qeyd edir:

Məhəmməd Əsədullazadə

“Ermənistan Qarabağ iddialarından əl çəkmir, Azərbaycan öz ərazisində silahlı erməni birləşmələrinin qalmasına dözümlü yanaşmamalıdır. Çox qısa bir vaxtda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirilməlidir.

Təbii ki, Rusiya da erməni silahlı birləşmələrini qoruyur. Amma, bu, Azərbaycanın öz milli təhlükəsizliyindən imtina etməyə əsas vermir. Rusiya öz geosiyasi maraqlarına görə, silahlı erməni birləşmələrini qoruyursa, biz öz ərazimizdə təhlükəsizliyimizi təhdid edən erməni silahlı dəstələrini niyə məhv etməməliyik?!
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla hərbi toqquşmaya gedəcəyi mümkündür. Çünki müxalifət ona qarşı siyasi təzyiqləri gücləndirir.

Turan Rzayev
Globalinfo.az