qerbi

Globalinfo.az politoloq professor Qabil Hüseynli ilə müsahibəni təqdim edir:

– Qabil bəy, torpaqlarımız işğaldan azad ediləndən sonra Qarabağda və Şərqi Zəngəzurda geniş yenidənqurma, bərpa prosesi gedir. Paralel isə “böyük qayıdış” siyasəti çərçivəsində insanlar öz ata-baba yurdlarına qayıdır. Bu proses həm də Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq ümidi artıb. Sizcə, bir gün bunu da görəcəyik?

– Mənim Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına heç bir şübhəm yoxdur. Bu bir reallıq, qaçılmaz həqiqətdir. Özü də Qərbi Azərbaycana soydaşlarımız diplomatik qələbə ilə qayıdacaq. Əks təqdirdə biz sülhdən, ya da Ermənistan ilə Azərbaycan arasında düşmənçiliyin sonlanmasından danışa bilmərik.

Ümumiyyətlə, keçmiş “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin başlaması həm də Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarılması ilə bağlıdır. Başqa cür desək, Qərbi azərbaycanlılar Qərbi Azərbaycanda qalsa idi, Ermənistan heç vaxt Qarabağı işğala cəhd edə bilməzdi. Buna görə 1988-ci il hadisələri baş verdi. Qərbi azərbaycanlılara qarşı ermənilər ağlasığmaz işgəncələr edib, soyqırım aktlarına imza atdılar.

Ermənilər əslində bu yolla psixoloji müharibə aparırdı. Yəni qorxu, vəhşət əsaslı insanları ata-baba yurdlarından çıxarmaq istəyirdi. Lakin bu elə də effekt vermədi. Qərbi azərbaycanlılar müqavimətə başladı. Lakin imkanların qeyri-bərabər olması nəticədə bu haqsız mübarizə ermənilərin lehinə yekunlaşdırdı.

Qərbi azərbaycanlıların Azərbaycana gəlişi sonrası ermənilər bu dəfə də Qarabağa göz dikdi. Əslində göründüyü kimi, bu bir domino effektidir. Qarabağda məğlub olmağımızın ən böyük səbəbi məhz Qərbi azərbaycanlıların deportasiyasıdır. Azərbaycan bu köç dalğası ilə həm iqtisadi baxımdan çətin duruma düşdü, həm də Qarabağa lazımi diqqət ayıra bilmədi.

Lakin dövr dəyişib. Artıq Ermənistanın qarşısında zəif, gücsüz, daxili siyasəti qarışıq bir Azərbaycan yoxdur. Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatları ilə Dağlıq Qarabağ müharibəsini bitirdi. Torpaqlarımız işğaldan azad edildi. Prosesin yekunlaşması üçün başladığı məsələyə qayıtmaq lazımdır. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır.

– Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı o qədər də asan bir məsələ kimi görünmür…

– Heç bir məsələ asan deyil. Qarabağın işğaldan azad edilməsi asan məsələ olsaydı 30 il gözləməzdik. Prezident İlham Əliyevin hakimiyyət müddətinin böyük bir qismi sırf bu məsələnin həllinə sərf edildi. Diplomatik münasibətlər quruldu, hərbi, siyasi islahatlar həyata keçirildi, ordu sahəsində yeniliklər oldu. Təkcə Şuşanın işğaldan azad edilməsi belə işimizin nə qədər çətin olduğunu göstərdi.

Azərbaycan militarist bir ölkə deyil. Müharibə istəmirik. Amma lazım gələrsə döyüşməyi hamıdan yaxşı bacarırıq. Lakin bu 30 il ərzində diplomatiyanı da yaxşı öyrəndik. Cənubi Qafqaz regionunda bir ölkəsənsə diplomatik manevri, yeni trendləri öyrənməlisən. Ermənistandan fərqli olaraq Azərbaycan balans siyasəti və bəzən riskli gedişlər ilə ustaca diplomatik qələbə qazanmağı bacarır.

1671105283 qabil huseynli

Qabil Hüseynli

Qərbi Azərbaycan məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu məsələni diplomatik yolla həll etmək olar. Yəni onsuz da Ermənistan ilə sülh prosesi gedir. Bu məsələni sülh prosesinə daxil edib həllini tələb edə bilərik.

– Ermənistan ilə Qərbi Azərbaycan mövzusunda diplomatik danışıqların effektiv olacağına inanırsınız?

– Ermənistan uzun illərdir faktiki blokada şəraitindədir. Son illərdə isə Qərbə inteqrasiyanı seçib. Belə olan təqdirdə bu ölkə hər cür kompromisə gedə bilər. Sadəcə bunun geci-tezi var. Digər tərəfdən geosiyasi vəziyyət də sürətlə dəyişir. Biz bundan bir dəfə istifadə edib Qarabağı işğaldan azad etdik. İkinci dəfə əməliyyatlara başlasaq nələr əldə edə biləcəyimizi Ermənistan yaxşı bilir. Buna görə güc faktoru, əsaslı diplomatik təzyiqlər effektiv ola bilər.

– Qabil bəy, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışından danışdıq. Bu məsələdə əməkdaşlıq fərqli dövlətlər ilə, xüsusilə də türk ölkələri ilə əməkdaşlıq faydalı ola bilər?

– Azərbaycan Türk Dövlətlər Təşkilatının üzvüdür. Hətta mən deyərdim qurucu üzvlərindəndir. Bu gün belə təşkilat daxili qərarlarda ölkəmizin sözü, fikri daha önəmli rola malikdir.

TDT-da türk dünyasının problemləri əməkdaşlıq perspektivləri, həmçinin ortaq maraqlar, əsaslı siyasət izlənilir. Qərbi Azərbaycan məsələsi hazırda Azərbaycanın prioritet məsələsidir. Demək, bu həm də türk dünyasının ortaq məsələsidir.

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı tarixi ədaləti bərpa etdirən, həm də türk dünyası arasındakı qırılan körpünü bərpa edə bilər. Biz imkan verə bilmərik ki, türk dünyasının gələcəyi Ermənistandan asılı olsun. Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı həm də Ermənistan daxilində təzyiq rıçaqlarının əldə edilməsi deməkdir. Bu həm də Zəngəzur dəhlizinin gələcəyi deməkdir. Zəngəzur dəhlizi isə türk dünyasının nəfəsliyidir. Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı, Zəngəzur dəhlizinin açılması türklər üçün ikinci “Ərəgənəqon” dastanı olacaq!

Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Turan Rzayev
Globalinfo.az

Paylaş: