Separatçılar bu gün hərəkətə keçsə: “Təxribatlara hazır olmalı və adekvat addımlar atmalıyıq”

Xankəndidəki separatçıların Laçın sərhəd-buraxılış məntəqəsinə “mülki əhalinin yürüşü” adı ilə hazırladığı təxribat bu gün baş tuta bilər. Bir qrup erməni Xankəndidən 25 avtobusla postun yerləşdiyi Həkəri körpüsünə gətiriləcək. Qadınların da iştirak edəcəyi bu yürüşdə məqsəd Laçın postunun əks tərəfində dayanan TIR-ların Xankəndiyə gedişini təmin etməkdir. Beləliklə, sərhədin Ermənistan tərəfində təşkil olunan şounun davamı sərhədin Azərbaycan tərəfində başlanacaq.

Maraqlıdır, rəsmi Bakının bu aksiyaya cavabı nə olacaq? Mülki insanların bu yürüşü baş tutarsa, hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, istər hazırda Laçın sərhəd-buraxılış məntəqəsinin əks tərəfində dayanan TIR-lar, istərsə də bu gün Xankəndidəki separatçıların Laçın postuna “mülki əhalinin yürüşü” adı ilə hazırladığı təxribat vahid bir planın tərkib hissələridir:

Xəyal Bəşirov

“Separatçılar başa düşürlər ki, humanitar böhran şousu Azərbaycanı yolundan döndərməyəcək. Beynəlxalq ictimaiyyət məsələyə onların istədikləri kimi reaksiya verməyəcək deyə belə bir yola əl atırlar.

Separatçıları narahat edən əsas məsələ məhz reinteqrasiya prosesinin başlamasıdır. Bu prosesin Azərbaycanın xeyrinə yekunlaşması erməni lobbisinin, diasporunun və kilisəsinin illərdir ayırdığı maliyyənin batması deməkdir. Bu həm də Xankəndidəki xunta rejimin sonu deməkdir. Buna görə də separatçılar mülki əhali üzərindən humanitar fəlakət şousunun təsir gücünü artırmağa çalışırlar”.

Politoloq deyib ki, Azərbaycanın reinteqrasiya istiqamətində atdığı addımlar separatçıları hərəkətə keçirib:

“Məlum olduğu kimi, rəsmi Bakı humanist və qarşılıqlı etimad naminə Xocalıda erməni icması ilə görüş keçirdi. Bunun ardınca iki dəfə Bakıda bənzər görüşün keçirilməsini də təklif etdi. Lakin vəziyyətin fərqində olan separatçılar görüş təklifini rədd etdi.

Onlar yaxşı başa düşür ki, bu və bu kimi görüşlər erməni icması və sadə erməni əhali ilə Azərbaycan arasında münasibətləri normallaşdıracaq. Bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan onlarla erməni vətəndaşlıq almaq üçün, habelə Şuşa və ətraf ərazilərdə işləmək üçün Bakıya müraciət edir. Azərbaycan əlbəttə ki, bu şəxslərin çağırışına cavab verəcək. Ölkə başçısının da dediyi kimi, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdən başqa seçimi yoxdur.

Erməni əhalinin də Azərbaycan cəmiyyətinə inteqrasiya etmək istəməsi şübhəsiz separatçıları narahat edir və məhz bunun qarşısını almaq üçün Laçın postuna “mülki əhalinin yürüşü” adı ilə təxribat hazırlayır.

X.Bəşirov deyib ki, separatçıların keçirdiyi “aksiyada” və ya “tədbirlərdə” mülki ermənilər iştirak etmir:

“30 il ərzində separatçı rejim Qarabağda erməni əhalinin sayını süni şəkildə artırmaq üçün müxtəlif regionlardan – Suriya, İraq, Livandan erməniləri əraziyə köçürüb. Qarabağın yerli erməni əhalisi Azərbaycana inteqrasiyada maraqlıdır. Separatçı rejim sonradan gətirdiyi və imkanlar yaratdığı bu ermənilər üzərindən şou təşkil edir.

Hesab edirəm bütün hallarda təxribatlara hazır olmalı və adekvat addımlar atmalıyıq. Əminəm ki, bu istiqamətdə konkret işlər görülüb. “TIR şousu” kimi separatçıların mülki yürüş cəhdi də nəticəsiz qalacaq”.

Turan Rzayev
Globalinfo.az