Səməd Seyidov: “Fransa bizim regiona soxulub deyə, cavabını veririk”

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Globalinfo.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Səməd bəy, Milli Məclisin deputatları Azay Quliyev, Musa Qasımlı, Elman Nəsirov və siz ötən gün Fransanın Korsika əhalisinin hüquqlarını tapdamasını sərt şəkildə pislədiniz. Korsika məsələsinə reaksiya bildirmənizə səbəb nədir?

–  Çox təəssüf ki, bu gün demokratiyadan, qanunun aliliyindən, insan haqlarından danışan Fransa kimi ölkələr bəzən özləri bu dəyərləri heçə sayır. Bəzən isə bu ölkələr ümumbəşəri dəyərləri sanki özəlləşdirib,  başqalarına dərs keçmək niyyətində olurlar.

Bu gün Fransada ciddi ölçüdə antisemitizm, islamafobiya hakimdir. Misal üçün, son illərdə Fransadan yüz minlərlə yəhudi köçüb gedib.  Bundan başqa məscidlər bir-bir bağlanır. İnsanlara hücum, qətl halları artıb. Bunun ən ifrat həddi isə bu gün Korsika adasında yerli xalqa qarşı tətbiq edilir.

Bu gün erməniləri müdafiə edən, onları dəstəkləyən Fransa korsikalıların öz müqəddəratını təyin etməsinə izn vermir. Bu, açıqca təktərəfli yanaşmadır və riyakarlıqdır.

– Fransa Korsika adasındakı vətəndaşlarına qarşı niyə belə ayrı-seçkilik edir?

– Korsika Fransanın ərazisi olsa da, adanın yerli sakinləri korsikalıdır. Yəni onlar fransız deyil, adanın aborigen sakinləridir. Min illər boyu öz mədəniyyəti, dili, adəti olan korsikalılara qarşı rəsmi Paris təzyiq edir. Korsikalılara öz ana dilində təhsil haqqı tanınmır, müstəqillik tələb edənlər terrorist adlanaraq həbs edilir.

Təsəvvür edin ki, bu gün əsl terrorçu, separatçı Araik Arutyunyanı qəbul edib, dövlət televiziya kanallarına buraxan rəsmi Paris öz müqəddəratını təyin etmək istəyən korsikalılara qarşı amansız siyasət yürüdür.

Lap deyək ki, korsikalılar separatçıdır. Separatçı ilə mübarizə aparan bir ölkə, gərək özü separatçıya dəstək verməsin. Yox, ermənilərin öz müqəddəratını təyin etdiyini iddia edirsənsə, o zaman Korsikaya müstəqillik verməlisən.

– Bütün bunlara baxmayaraq, rəsmi Paris israrla Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin bir parçası, hətta vasitəçisi olmaq istəyir…

– Fransanın yanaşması obyektiv deyil. Bundan başqa, rəsmi Paris vasitəçi olmayacaq qədər qərəzli ölkədir. Ya bir dəfəlik neytral mövqe sərgiləyib vasitəçi olmalısan, ya da birmənalı erməniləri dəstəkləməlisən. Fransa isə erməniləri dəstəkləyərək danışıqlar prosesində iştirak etmək istəyir. Bu istəyin altındakı məqsədi anlamaq çətin deyil.

– Səməd bəy, Azərbaycan Fransaya qarşı təzyiqləri davam etdirəcək?

– Bunu Fransaya qarşı addım kimi qiymətləndirməyin. Biz Fransanın iç üzünü göstərməyə çalışırıq. Fransanın bizlə nə işi var? Fransa bizim regiona soxulub. Biz də göstəririk ki, Fransada baş verən hadisələrdən məlumatlıyıq və lazım gəldikdə layiqli cavab verə bilərik.

Turan Rzayev
Globalinfo.az