Medine Sadiqova 112

Şəhid kapitan Vasif Sadıqovun qızı Mədinə Sadıqovanın Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qalib olması və böyüklər arasında bunu bacaran ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşməsi qürurvericidir. Sözügedən uğurla bağlı sosial şəbəkələrdə təsirli paylaşımlar edilir, lakin bir məqam xüsusi diqqət çəkir və müxtəlif fikirlərin formalaşmasına səbəb olur.

Belə ki, bəziləri Mədinə Sadıqovanın atasının Birinci Qarabağ müharibəsində şəhid olduğunu iddia edib. Digərləri isə bildiriblər ki, M. Sadıqova 2001-ci ildə dünyaya gəlib və atasının 1990-cı illərdə gedən döyüşlərdə şəhid olması mümkünsüzdür. Hətta bəzi şəxslər bu iddialardan çıxış edərək, idmançının atasının kimliyinin araşdırılmasını belə təklif ediblər. Yəni şəhid olmasına inanmayıblar.

Təəssüf ki, XXI əsrdə bəzi insanlar hələ də texnologiyanın imkanlarından düzgün istifadə etməyi bacarmırlar. Halbuki belə bir iddia ortaya atılan zaman cəmi bir neçə dəqiqə ayırıb ən azı “Google”da axtarış etmək kifayət idi.

Məlumat üçün qeyd edim ki, Mədinə Sadıqovanın atası, Ağdaş rayonunda anadan olmuş Vasif Sadıqov 1992-ci ildə ordu sıralarına çağırılıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona hərbi rütbə də verilib. Atəşkəsdən sonra – 1996-cı ildə Vasif Sadıqov Gəncədə yerləşən “N” saylı hərbi hissənin Bakının Keşlə qəsəbəsində yerləşən və təlim keçən xüsusi təyinatlı əlahiddə bölüyündə (“spetsnaz”) xidmət edib.

WhatsApp Image 2026 05 25 at 15.41.29

Vasif Sadıqov 2010-cu il yanvarın 24-də övladının ad gününə gəlib, yanvarın 26-da geri qayıdıb və iki gün sonra – yanvarın 28-də hərbi hissəyə hücum zamanı şəhid olub. Onun vətənə üç övladı əmanət qalıb.

Digər məsələ şəhid kapitanımızın hansı rayondan olmasıdır. Bəziləri deyirlər ki, o, ağdaşlı olub, Mədinə Sadıqova isə gəncəlidir. Onun övladlarının Gəncədə dünyaya gəlməsi tamamilə normaldır. Çünki Vasif Sadıqov hərbçi kimi bir müddət Gəncədə yaşayıb və xidmət edib. Övladları da Gəncədə dünyaya gəlib.

Ümumiyyətlə, hansısa şəxsi və ya hadisəni müzakirə obyektinə çevirməzdən əvvəl ən azı səthi də olsa araşdırma aparmaq lazımdır.

Şəhidimizə Allahdan rəhmət, çempion olan qızımıza böyük uğurlar diləyirəm!

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: