Bu gün Bakıda biri işdən çıxarıldı, digərləri vəzifədədir – Həyəcan təbili

Bu gün Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılsa da, bu, sözügedən sahədə neqativ halların aradan qalxmasına kifayət etməyəcək. Pedaqoqlar bildirirlər ki, uşaq evlərində, bağçalarda reket, qoçu xislətli xeyli rəhbər şəxs var.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, uşaq bağçaları 2022-ci ildən Elm və Təhsil Nazirliyinin nəzarətinə verilsə də, uşaq evləri hələ də yerli icra hakimiyyətlərinin himayəsindədir.

O bildirib ki, doğrudan da uşaq bağçalarının təhsil-təlim prosesində neqativ hallar var:

“Təəssüf ki, uşaq evləri ilə bağlı məsələlərə nəzarət edən qurumların mexanizmləri yox səviyyəsindədir. Əslində, uşaq evləri, internatlar ciddi nəzarətdə olmalı, lazımi mexanizm formalaşdırılmalıdır. Onların maddi-texniki bazaları yoxlanılmalıdır ki, gələn pullar həqiqətən də uşaqlar üçün xərclənir, ya yox”.

G.Səfərova deyib ki, uşaqlarla davranış qaydaları nəzarətdə saxlanılmalıdır:

“Uşaq evlərində psixoloqlar olur, amma biz görürük ki, bəzən həmin “psixoloq”ların özlərinin də ciddi problemləri var. Orada çalışan bəzi şəxslərin davranış, sosial iş, psixologiyadan anlayışları yoxdur. Ona görə də vəziyyət belədir.

Düzdür, M.Hüseynovanın işdən çıxarılması yaxşı addımdır, amma bu, problemin aradan qaldırılması demək deyil. Bu məsələdə ictimaiyyətin də reaksiyası sərt oldu. Baş verənlər üzə çıxdı deyə reaksiya verildi, lakin üzə çıxmayan nə qədər fakt var. Mən həm ictimai, həm də dövlət təşkilatlarına çağırış edirəm ki, mütləq ciddi nəzarət mexanizmi qurulsun”.

Zaira Akifqızı
Globalinfo.az