Şahzadənin açıqlamasına “Taliban”dan sərt reaksiya

“Taliban” hərəkatı Şahzadə Harrinin Əfqanıstanda xidmət edərkən 25 silahlını öldürməsi barədə açıqlamasına münasibət bildirib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən qruplaşma Harrinin insanlığa qarşı cinayət işlədiyini iddia edib.

“Sizin öldürdükləriniz şahmat fiqurları deyil, insanlar idi. Onların geri dönmələrini gözləyən ailələri var idi”, – Əfqanıstan daxili işlər nazirinin baş köməkçisi Anas Haqqani “Twitter”də yazıb.

Digər “Taliban” rəsmisi, təşkilatın siyasi ofisinin rəhbəri Suheil Şahin “Sky News”a deyib ki, şahzadə Harri “insanlığa qarşı cinayət törədib”.

Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harri Əfqanıstandakı xidmət dönəmində 25 nəfəri öldürdüyünü etiraf edib. Bu barədə şahzadənin hələ çapdan çıxmamış memuarlarında yazılıb. O, Əfqanıstandakı döyüşlərdə öldürdüyü Talibançıları “yaxşıları öldürməyə imkan tapmadan öldürülən pislər” adlandırıb. ”

Qeyd edək ki, şahzadə Harri 2007-2008 və 2012-2013-cü illərdə Əfqanıstanda xidmət keçib.