Sabiq nazir görün hansı faktın üstünü açdı: Monopolistlər xalqı belə soyur

İctimaiyyətdə tez-tez müzakirə olunan əsas məsələlərdən biri də monopoliyadır. Əksər ekspertlər deyirlər ki, rəqabət mühiti olmadıqca, monopoliya artır, ya da tərsinə, rəqabəti öldürür. Hər kəs bu məsələni deyir, tənqid edir, lakin problem öz həllini tapmır.

Globalinfo.az mövzu ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun fikirlərini öyrənib.

O, deyib ki, ölkədə monopoliyanın mövcudluğu iqtisadiyyatın inkişafının qarşısında dayanan əsas əngəllərdən biridir.

Fikrət Yusifov

Sabiq nazir bununla bağlı çox deyildiyini, yazıldığını və bu istiqamətdə hökumətin bir sıra addımlar da atdığını bildirib:

“Monopoliyanın aradan qaldırılması istiqamətində son illər ərzində atılan müəyyən addımlar vəziyyəti dəyişdirə bilməyib. Bu sahədə ciddi dönüşü yeni qanunvericilik bazasının yaradılması ilə əldə etmək mümkündür. Sarmaşıq kimi alaq otu yaşıl bitkilərə sarmaşıb onları inkişafdan dayandırdığı kimi, monopoliya da iqtisadiyyata sarmaşıb inkişafını əngəlləyir. Son illər ərzində ölkənin vergi, gömrük sistemlərində aparılan islahatlar nəticəsində baş vermis şəffaflaşmanın hansı iqtisadi və maliyyə nəticələrinə gətirib çıxartdığı göz önündədir. Bu islahatlarla dövlətin büdcəsinə daxilolmaların həcmi milyardlarla manat artdı”.

Sabiq nazir deyib ki, vergi və gömrük sistemində atılan addımların eynisinin monopoliyanın qoparılıb atılması istiqamətində də atılması vacibdir:

“Heç şübhə etmirəm ki, monopoliyanın sındırılması istiqamətində atılacaq addımlar ölkədə bir çox məhsulların qiymətlərində kəskin dəyişikliklərin yaranmasına səbəb olacaq. Bu gün bir çox sahələrdə olduğu kimi, dərman biznesində də dərin kök salmış monopoliya mövcuddur. İnsanlar Azərbaycanda aldıqları eyni dərmanları Türkiyədə üç-dörd, bəzən daha böyük fərqlə ucuz əldə edə bilirlər. Monopoliyanın mövcudluğu insanların büdcəsindən vəsaitlərin ədalətsiz şəkildə çəkilərək bəzi monopolistlərin cibinə axmasına yol açır. O səbəbdən Milli Məclis ölkədə inhisarçılığı aradan qaldıracaq yeni hüquqi bazanın yaradılmasını təmin edən sənədlər qəbul etməlidir. Bizdə bu gün 1993-cü ildə AXC hakimiyyəti dövründə qəbul edilmiş köhnə “Antiinhisar fəaliyyəti haqqında” Qanun var. Bu qanun köhnədir, indiki çağırışlara cavab vermir və ümumiyyətlə işləmir”.

Zaira Akifqızı
Globalinfo.az