BOS Sabah

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək “Sabah” futbol klubunun arenaya köçəcəyi tarix bəlli olub.

Globalinfo.az xəbər verir ki, klub prezidenti Maqsud Adıgözəlovun Teleqraf-a verdiyi məlumata görə, komanda oktyabrın 5-dən sonra məşqlərini yenilənmiş stadionda keçirəcək.

M.Adıgözəlov bildirib ki, UEFA tərəfindən stadiona baxış keçirən nümayəndə heyəti heç bir problem aşkarlamayıb və oyunların BOS-da keçirilməsi təsdiqlənib:

“Heç bir problem yoxdur. UEFA stadionu qəbul edib və burada Çempionlar Liqası oyunlarımızın keçirilməsi təsdiqlənib. Biz nəzərdə tutduğumuz planı UEFA-ya təqdim etmişdik. Hazırda meydançanın ot örtüyü qoyulub. Ona uyğun olaraq qulluq işləri aparılır. Sadəcə, meydançanın özünə gəlməsi üçün bir qədər vaxt lazımdır. Nəzərdə tutduğumuz qrafikə əsasən, komanda oktyabrın 5-dən sonra burada məşq edəcək”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində Bakıdakı ilk oyununu oktyabrın 13-də Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Görüş Bakı vaxtilə saat 20:45-də start götürəcək.

Paylaş: