ABŞ Senatında həm Respublikaçılar, həm də Demokratlar Rusiya və İrana qarşı yeni sanksiyalar paketini nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, qanun layihəsi İrana qarşı mövcud sanksiyaların genişləndirilməsini, eyni zamanda ABŞ prezidentinə Rusiyanın neft və təbii qazını ən çox idxal edən ölkələrə qarşı tariflər tətbiq etmək səlahiyyəti verilməsini nəzərdə tutur.
Sənəddə Rusiyanın yüksəkvəzifəli rəsmiləri, hərbi rəhbərliyi, iri iş adamları və dövlət müəssisələrinə qarşı yeni məhdudiyyətlərin tətbiqi də əks olunub. Bundan əlavə, Rusiyanın müdafiə sənayesini dəstəkləyən xarici şirkətlər də sanksiya siyahısına salına bilər.
Layihədə Rusiya enerji məhsullarını alan ölkələr üçün 100 faizə qədər tariflərin tətbiqi imkanı da yer alır.
Bununla yanaşı, ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bildirib ki, Konqresdə belə qanun layihəsinin qəbul edilməsi sanksiyaların avtomatik şəkildə qüvvəyə minəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, Konqres üzvləri bəzən öz siyasi mövqelərini nümayiş etdirmək üçün bu cür qanun layihələri təqdim edirlər.
Tahir Turan