l0uRuT8DtMqHj1TDgRKXhQlEdiJpUVYeL9fE5F6d 1200

ABŞ-ın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində yaşayış evlərindən birində güclü yanğın baş verib. Hadisə zamanı çoxsaylı şəxslərin zərər çəkdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, “Learjet 60” markalı təyyarə bazar günü, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsinin Qrinakres şəhərində, mobil evlərin yerləşdiyi ərazidə qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarə əvvəlcə ağaca çırpılıb və elektrik xətlərini sıradan çıxarıb. Daha sonra isə yaxınlıqdakı yaşayış evlərindən birinə düşüb. Toqquşmadan sonra ərazidə güclü yanğın başlayıb. Nəticədə həm təyyarə, həm də ev demək olar ki, tamamilə yanaraq yararsız hala düşüb.

Yerli hakimiyyət orqanları hadisə nəticəsində çoxsaylı zərərçəkənlərin olduğunu təsdiqləsələr də, ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb. Təyyarənin düşdüyü ərazidə olan sakinlər arasında xəsarət alanların olub-olmadığı da dəqiqləşdirilir.

Hazırda hadisə yerində Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə qrupları fəaliyyət göstərir. Qəzanın səbəbləri və başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Paylaş: