“ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin zəif vəziyyətindən istifadə etməsi, bunun müharibənin dayandırılması üçün kifayət edəcəyini düşünməsi öz üzərinə çevriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.
O qeyd edib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin də razılaşmaya hazır olduğuna əmindir:
“Gizli danışıqların davam etdiyi bildirilir. Amma Rusiya liderinin mövqeyi sual altındadır. Ukraynanın müəyyən şərtlərlə atəşkəsə razı olması mümkün olsa da, Rusiyanın tələbləri yerinə yetirilməsə, buna getməyəcək. Rəsmi Moskva özününkü elan etdiyi Ukrayna əyalətlərinin tamamilə ona verilməsini istəyir. Bu da mümkün deyil. Belə vəziyyətdə heç bir sülh və ya atəşkəs müqaviləsindən danışmağa dəyməz”.
Ekspert bildirib ki, Tramp bu razılığa qədər Ukraynadan istədiyi nadir torpaq metal müqaviləsinə imza atdıracaq:
“Putinin cığallıq etməsi isə ABŞ prezidentini çıxılmaz vəziyyətə salacaq. Nəticədə Ağ Ev rəhbəri məcbur olub Rusiyaya qarşı addımlar atmağa başlayacaq. Digər tərəfdən o, imzalanmış müqaviləyə görə, Ukraynadakı iqtisadi maraqlarını qorumalı olacaq. Təbii ki, Tramp həqiqətən də Rusiyanın agenti deyilsə… Bu barədə də şübhələr var. Fikrimcə, ABŞ lideri gec-tez sülhün mümkün olmayacağını anlayacaq və öz nüfuzunu qorumaq üçün yenidən geri addım atacaq”.
Turan Rzayev
Globalinfo.az