Rusiya hakimiyyətinə yaxın media qurumlarına Ermənistanda keçirilən parlament seçkilərinin işıqlandırılması ilə bağlı müəyyən istiqamətlər verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, əsas vurğunun Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının səslərin 50 faizindən azını toplaması üzərinə qoyulması tövsiyə olunub.
Məlumatda bildirilir ki, bu nəticənin media materiallarında mümkün qədər mənfi kontekstdə təqdim edilməsi istənilib. Bundan əlavə, seçki prosesi zamanı baş verdiyi iddia olunan qanun pozuntularına dair xəbərlərin daha geniş işıqlandırılmasının da tapşırıqlar sırasında olduğu qeyd edilir.
“Meduza”nın qənaətinə görə, Rusiya federal televiziya kanallarında yayımlanan süjetlər və hökumətə yaxın media orqanlarında dərc olunan materiallar bu yanaşmanın praktikada tətbiq edildiyini göstərir.
Tahir Turan
Globalinfo.az