“Rusiyada azərbaycanlılara basqın edilir, səfirliyimiz ağzına su alıb gözləyir” – SƏRT İTTİHAM

Rusiya polisi Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib. İştirakçılara hərbi xidmətə çağırış vərəqələri paylanıb.

Oktyabrın sonlarında da Sank-Peterburqda azərbaycanlı ailənin toy məclisinə OMON basqın edərək məclisi dağıtmışdı. Rusiya ilə Azərbaycanın münasibətlərinin normal olduğu vaxtda bu cür olaylar suallar doğurur.

Azərbaycan XİN bununla bağlı bəyanat verməlidirmi? İki ölkənin münasibətləri normal olduğu halda soydaşlarımıza qarşı bu qəbildən yanaşmanın səbəbi nədir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, bu qəbildən hadisələrin baş verməsi qəbuledilməzdir:

Naqif Həmzəyev

“Rusiya rəsmiləri bu hadisəni qanunvericilik çərçivəsində öz vətəndaşlarına çağırış vərəqələrinin verilməsi ilə əlaqələndirir. Lakin onlar bunu daha sivil formada, fərqli formatda həyata keçirə bilərlər. Heç kimin haqqı çatmır ki, insanların xoş gününü pozsun.

Rusiya vətəndaşları olan azərbaycanlılar bu ölkənin inkişafı istiqamətində böyük töhfə veriblər. Ona görə də bu cür halların baş verməsi ürəkaçan deyil. Azərbaycan rəsmiləri və aidiyyatı qurumlar tərəfindən məsələ dərindən araşdırılır. Yaxın gələcəkdə bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün müəyyən tədbirlər görüləcək”.

Mövzuya münasibət bildirən “Diaspor ” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili isə vurğulayıb ki, Rusiya cəngəllik qanunları ilə idarə edilən, kriminal, qanunun nə olduğunu bilməyən dövlətdir:

“Moskva üçün dost, müttəfiq dövlət anlayışı yoxdur. Öz maraqlarını güdən hakimiyyət, dövlət var. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin sıx olduğu vaxtda azərbaycanlılara qarşı belə bir repressiyanın baş verməsi dövlətçiliyimizə və orada yaşayan soydaşlarımıza qarşı böyük bir təhdiddir. Rəsmi Moskva bununla bağlı mütləq açıqlama verməli, dünya azərbaycanlılarından üzr istəməlidir.
Azərbaycanın Rusiyadakı səfirliyi hərəkətə keçməlidir. Lakin səfirliyimiz hələ ağzına su alıb oturub gözləyir. Çünki səfirliyimiz Rusiya əleyhinə söz deməkdən, azərbaycanlıların haqlarını müdafiə etməkdən qorxur. Ona görə də vaxt itirmədən Azərbaycan Xarici İşlər Nazirliyi və digər dövlət qurumları məsələ ilə bağlı komissiya yarada bilər. Çünki hazırkı vəziyyət mütəmadi hal alır. Azərbaycan XİN Rusiyaya bəyanat verilməlidir”.

Toğrul Allahverdili: "Bu, mənim bir şansımdır"

Toğrul Allahverdili

T.Allahverdinin fikrincə, iki ölkə münasibətləri mövcud problemi kölgədə qoymamalıdır:

“Rusiya-Azərbaycan münasibətləri inkişaf edir, Qarabağla mövqeyi də alqışalayiqdir. Lakin bu o demək deyil ki, qarşılığında soydaşlarımız repressiyaya məruz qalmalıdır. Toy, ad günü qeyd edən azərbaycanlıların məclisinə silahla daxil olub, insanları qorxuya salmaq haqqını kimsə ruslara tanımır.

rusiyada-azerbaycanlilarin-merasimine-basqin-edilib

Digər tərəfdən Rusiyada erməni lobbisi həddindən artıq güclüdür. Amma Azərbaycan diasporu orada yox kimidir, məhv olub. Diaspor bazar adamlarının əlindədir. Bu istiqamətə XİN hərəkətə keçməli, məsələ ilə bağlı dərindən araşdırma aparmalıdır.

Azərbaycan güclü dövlətdir. 200 il sonra öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Diplomatiyada, cəbhədə və xarici siyasətdə uğur qazanan, liderlik edən prezidentimiz var. Səfirliklərimiz və xarici siyasətimiz də buna layiq olmalıdır “.

Safura Bənnayeva
Globalinfo.az