Rusiya və KTMT-dən əlini üzən Ermənistan Qarabağda dalana dirənib 

“Ermənistan KTMT-nin İrəvanda keçiriləcək sammitində Azərbaycana qarşı müəyyən müddəaları müzakirəyə çıxarmaq istəsə də bu alınmayıb. Çünki Rusiya rəsmilərinin KTMT və Rusiyanın Ermənistana kömək edə bilməyəcəyi barədə məlumatlar artıq görüşdən öncə açıqlanıb”.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlaması zamanı bildirib:

“Ermənistan Qarabağ və Azərbaycan məsələsində hazırda dalan vəziyyətindədir və üzərinə götürdüyü öhdəliklərlə bağlı irəliləyiş əldə olunmayacağı təqdirdə bu dalanda qalmaqda davam edəcək. Regiona yaxın olmayan Hindistan, Fransanın dəstəyi ilə və yaxud daxili proseslərdən başı açılmayan İranın verdiyi mənasız bəyanatlar Ermənistana imzaladığı birgə bəyanatın məsuliyyətindən qaçmağa imkan verə bilməz”.

Hərbi ekspert qeyd edib ki, atəşkəsin pozulması ənənəvi hal alıb və təbii ki, bu, Azərbaycan ictimaiyyətini narahat edir:

“Eyni zamanda son günlərdə Sarıbaba istiqamətində minaların aşkarlanması, onların atəşkəs dövründən sonrakı ildə Ermənistanda istehsal olunması, ərazilərimizə daşınıb orada yerləşdirilməsi bir daha onu göstərir ki, Paşinyan hökuməti sülhə hazır deyil. Ermənistanın sülh sazişi barədə verdiyi bəyanatlar sadəcə beynəlxalq ictimaiyyətin gözündə sülhə meylli tərəf kimi görünmək məqsədilə atılan addımdır. Reallıqda isə Ermənistan ərazilərimizə mina düzür, silahlılarını ərazimizdən çıxarmır, atəşkəsi intensiv şəkildə pozur və dünyanın gözü qarşısında intensiv şəkildə silahlanmaya davam edir. Belə olan halda, Azərbaycan gələcəkdə vətəndaşlarının və hərbi qulluqçularının təhlükəsizliyini təmin etmək məqsədilə erməni silahlılarının atəşkəs pozuntularına, silah konsentrasiya cəhdlərinə qarşı adekvat, təsirli və səmərəli tədbirlər göməlidir ki, Ermənistanın dizi üstə qalxması yaxın perspektivdə mümkün olmasın”.

Gülnar Səlimova
Globalinfo.az