Rusiya və İranın Türk Birliyi ilə bağlı sensasion planı – Əsas ssenari budur

Türkiyə mərkəzli Rusiya Araşdırmaları İnstitutu Moskvanın Türk Dövlətləri Təşkilatına (TDT) üzvlük üçün dəvət gözlədiyini bildirib.

Buna Rusiya daxilində 37 fərqli türk etnik qrupunun olması, türklərin vətəni Altay dağlarının Rusiya ərazisində yerləşməsi, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan kimi böyük etnik türk muxtar respublikalarının varlığı əsas göstərilib. İnstitut Rusiyanın Macarıstandan daha çox təşkilata üzvlük haqqının olduğunu qeyd edib. Həmçinin İranın da bu məsələdə Rusiyanı dəstəklədiyi və tərkibində 40 milyona yaxın Türkün yaşamasına görə onun da üzvlükdə maraqlı olduğu iddia edilib.

Bu nə dərəcədə mümkündür? Gələcəkdə Rusiyanı və İranın TDT-yə üzvlük məsələsi gündəmə gələ bilərmi? Regionun iki əsas gücünün bu təşkilata üzvlük marağı nədən irəli gəlir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə hər iki ölkənin Türk Dövlətləri Təşkilatına üzvlüyünə maraq göstərməsinin normal olduğunu bildirib:

Yusif Bağırzadə

“TDT-ni digər təşkilatlardan fərqləndirən ən vacib cəhətlərdən biri bu təşkilatda hansısa dövlətin, yaxud dövlətlərin siyasi ambisiyalarının deyil, bərabərhüquqlu əməkdaşlığın əsas götürülməsidir. Birgə fəaliyyət, ölkələrin qarşılıqlı maraqlarının təmin olunması istiqamətində çalışmalar TDT-ni davamlı şəkildə inkişafa aparır. Türk Dövlətləri Təşkilatının perspektivli qurum olması təbii olaraq başqa dövlətlər tərəfindən də qəbul olunur. Odur ki, Rusiya və İran kimi, daxilində milyonlarla türkün yaşadığı ölkələrin də təşkilata üzvlük maraqlarında qeyri adi bir şey yoxdur. Buraya həm Rusiya, həm də İranın hazırkı dönəmdə dünya birliyi ilə problemlər yaşamasını və faktiki təcrid durumuna düşməsini nəzərə alsaq, bu təşkilat onlar üçün həm də bir nicat qapısıdır deyə bilərik”.

Politoloq bildirib ki, Türk Birliyinə bu iki ölkədən başqa digər bir neçə dövlətin də üzv olma ehtimalı var:

“Bu baxımdan gələcək perspektivdə təkcə İran və Rusiyanın deyil, digər dövlətlərin, məsələn Gürcüstanın, Pakistanın və digərlərinin də qurumda təmsil olunmaq üçün müraciət etməsi gözləniləndir. Başqa sözlə desək Türk mədəni təsirinin, türk-islam mənəvi düşüncəsinin mövcud olduğu, qəbul edildiyi əraziləri, xalqları TDT-yə üzv qəbul etmək, sıx işbirliyi qurmaq mümkündür. Amma burada mütləq şəkildə türk toplumunun maraqları nəzərə alınmalıdır. Yəni, İran TDT-də olmaq istəyirsə, ilk növbədə orada yaşayan 40 milyon türkün hüquqlarını tanımalıdır. Eyni şəkildə Rusiya da öz ərazilərində olan Türk respublikalarının, muxtariyyətlərin hüquqlarına hörmət etməli, onlara qarşı ayrı-seçkiliyi aradan qaldırmalıdır.

Ümumilikdə isə TDT-nin genişlənərək daha böyük əraziləri əhatə etməsi təbii ki, müsbət addımdır və bu ideyanın perspektivi kifayət qədər yüksəkdir”.

Ayşən Mustafa
Globalinfo.az