Rusiya və İran Paşinyana bunu bağışlamayacaq – Ermənistan əsas müttəfiqlərini itirir

“Ermənistanın gec-tez həm Rusiya, həm də İranla münasibətlərinin gərginləşəcəyi bəlli idi. Ermənistanın Qərbə inteqrasiya etməsi bu ölkələr ilə İrəvanın münasibətlərini açıq şəkildə pisləşdirdi. ABŞ hərbçilərinin təlim məqsədi ilə Ermənistana gəlməsi isə gərginliyi pik həddə çatdırdı”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistanın Qərblə yaxınlaşması fonunda Rusiya və İranla münasibətlərinin gərginləşməsi haqda danışarkən deyib.

Qabil Hüseynli

Onun sözlərinə görə, Paşinyan çox ciddi siyasi səhvlər edir:

“O, Qərbə inteqrasiya üçün çox ciddi və riskli addımlar atır. Onsuz da Avropa İttifaqının sülhməramlı missiyasını Ermənistana dəvət edərək Rusiyanı qıcıqlandırdı. Düzdür, İran məsələyə çox reaksiya verməsə də aydın məsələdir ki, həmin zaman Tehran da vəziyyətdən narahat idi.

ABŞ hərbçilərinin Ermənistana gəlməsi, təlimlərdə iştirak etməsi indiki məqamda həm Rusiyanı, həm də İranı ciddi narahat edir. Hər iki ölkə bu prosesin gələcəkdə Ermənistanın büsbütün ABŞ təsirinə düşməsi ilə nəticələnəcəyindən qorxur. Hesab edirəm bu qorxu heç də əhəmiyyətsiz deyil.

Aydın məsələdir ki, ABŞ və Qərb Ukraynanın ardınca Cənubi Qafqazdan da Rusiyanı çıxarmaq istəyir. 2008-ci ildə Gürcüstanda buna cəhd edilsə də Rusiyanın Gürcüstana girməsi ilə proses yarımçıq qaldı.

İndi proses tamam fərqlidir. Rusiyanın başı Ukraynaya qarışıb və Ermənistana birbaşa hərbi müdaxilə imkanı yoxdur. Bunu Ermənistan da bildiyi üçün Qərbə təmasları sıxlaşdırır”.

Politoloq bildirib ki, Azərbaycan mövcud vəziyyət ilə bağlı narahat deyil:

“Mövcud vəziyyət bizim xeyrimizədir. Azərbaycanın onsuz da həm Qərblə, həm də Rusiya ilə münasibətləri yaxşıdır. İranla münasibətlər yaxşı olmasa da hazırda bu istiqamətdə danışıqlar davam edir. Ermənistanın region üçün yaratdığı təhdid artıq həm Tehranın, həm də Moskvanın maraqlarına toxunur. Buna görə də hər iki ölkə Bakı ilə münasibətləri yaxşılaşdırmağa önəm verir. Hesab edirəm mövcud vəziyyətdən istifadə etməli, Qarabağ məsələsinin həllinə tam nail olmalıyıq. Belə vəziyyət 100 ildən bir ələ düşə bilər”.

Turan Rzayev
Globalinfo.az