Rusiya-Ukrayna savaşında həlledici vaxt yaxınlaşır – ŞƏRH

“Rusiya-Ukrayna müharibəsi cari ilin fevral ayında başlayıb və hələ də davam edir. Əslində, müharibənin uzanması Kremlin planlarına daxil deyildi. Buna görə də müharibənin ilk çağlarında texnikanın, artilleriyanın, habelə raket sistemləri və tankların Ukrayna sərhədinə toplanması Kiyev üçün də müdafiə qabiliyyətinin artırılmasını zəruri edirdi”.  

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Rusiya-Ukrayna müharibəsinin başa çatması ehtimalı haqda danışarkən deyib.

O qeyd edib ki, ilk vaxtlar həyata keçirilən hücum rus qoşunlarının Kiyevə qədər irəliləməsinə gətirib çıxardı:

“Lakin Ukrayna Silahlı Qüvvələri qısa zamanda təşəbbüsü ələ almağı bacardı. Biz artıq Xersonun da azad edilməsinin şahidi olduq. Hətta Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı həyata keçirilən “referendum” belə rəsmi Kiyevi dayandırmadı. Belə görünür ki, Ukrayna dayanmayacaq. Buna səbəb Qərb və ABŞ-ın Ukraynaya hər baxımdan dəstək olmasıdır. Bütün bunlar onu göstərir ki, hazırda müharibələr tamamilə başqa texnologiya və metodlarla aparılır. Şübhəsiz ki, Rusiya bu modern çağırışlara cavab verməyəcək. Çünki Rusiya Silahlı Qüvvələrinin potensialı müasir standartlara cavab vermir. Buna sübut isə Ukraynanın qarış-qarış da olsa öz torpaqlarını azad etməsidir”.

Politoloq bildirib ki, hazırda Rusiyanın əsas məqsədi geriyə çəkilərək əraziləri minalamaq, körpüləri partlatmaq və Ukrayna ordusunun irəliləyişinin qarşısını almaqdır:

“Rusiya müdafiə naziri Sergey Şoyqunun əmri ilə əməliyyatlara rəhbərlik edən Surovikin Dnepr çayının sol sahilini tutmaq və burada qərarlaşmaq mövqeyindən çıxış etmişdi. Artıq qış ayları yaxınlaşır və Rusiya dərəcədə sərt soyuqların düşməsini gözləyir ki, Avropanın enerjiyə tələbatı artsın və bununla da danışıqlarda söz sahibi ola bilsin. Lakin Ukrayna da qarşısına məqsəd qoyub ki, qışa qədər torpaqlarını azad etsin”.

Zaira Akifqızı
Globalinfo.az