Rusiya Qafqazda nə planlaşdırır? – Kremldən təlimat: Lavrov hərəkətə keçdi

Ermənistan ilə Azərbaycan arasında sülh prosesi çərçivəsində davam edən danışıqlar Qərbin, ABŞ-ın, Rusiyanın və regional aktorların diqqətindədir. Xüsusilə Qərbin son zamanlar yenidən aktivləşən səyləri Kremli ciddi narahat edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün həm türkiyəli həmkarı Hakan Fidanla, həm də azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Diqqətçəkən bir məqam isə bundan bir gün əvvəl Lavrovun müavini Aleksandr Qruşkoyu Bakıya göndərməsidir.

Maraqlıdır, Kremli narahat edən məqam nədir? İndiki vaxtda Moskva Ankara və Bakı ilə təmasları sıxlaşdıraraq nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Kreml bölgəni ABŞ və Avropa İttifaqı ilə paylaşmaq istəmir:

“Rusiya Ukrayna ilə yanaşı Cənubi Qafqazda da Vaşinqton və Brüsselə qarşı müqavimətini gücləndirməyə qərar verib. Məsələn, rusiyalı diplomat Bakıda Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirib. Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elxan Şahinoğlu

Rusiyalı diplomat Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyətini vurğulayıb. Yəni Kreml Bakıya demək istəyib ki, Vaşinqton və Brüsselə deyil, bölgə ölkələrinə etibar edin. Lavrovun türkiyəli həmkarı ilə telefon danışığının mahiyyətində məhz bu amil dayanıb. Lakin bununla belə narahat olunacaq bir məqam yoxdur. Meydanda Türkiyə varsa, Azərbaycana zərər dəyməz”.

Turan Rzayev
Globalinfo.az