Rusiya məhkəməsi Leninqradın blokadasını soyqırımı kimi tanıdı

Sankt-Peterburq şəhər məhkəməsi Leninqradın blokadasında nasistlərin hərəkətlərinin soyqırımı və hərbi cinayət kimi tanınması ilə bağlı prokurorluğun iddiasını təmin edib.

Globalinfo.az bildirir ki, APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburq prokuroru məhkəmədən Almaniyanın işğalçı hakimiyyət orqanları, qoşunları və onların əlaltıları – Belçika, İtaliya, İspaniya, Latviya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Fransa və Çexiya hərbi birləşmələri tərəfindən Leninqradın blokadaya alınmasının – 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək SSRİ-də yaşayan milli və etnik qrupların müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması ilə bağlı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsini xahiş edib.

Məhkəmə prokurorluğun iddiasını təmin edərək faşistlərin Leninqradın mühasirəsi zamanı əməllərini soyqırımı kimi tanıyıb.

Qeyd edək ki, Sankt-Peterburq prokuroru Viktor Melnik bildirib ki, ekspertlər tərəfindən toplanmış sübutlar Leninqradın mühasirəsinin qurbanlarının sayının indiyədək göstərdiyi statistikadan xeyli çox olduğunu göstərir. Prokurorluq blokada zamanı faşistlərin vurduğu ziyanla bağlı faktiki rəqəmləri məhkəməyə təqdim edib, dövlət sirri təşkil edən sənədlər də ilk dəfə olaraq məhkəməyə təqdim olunub. Bundan başqa, məhkəmə ilk dəfə olaraq Leninqradın blokadasında Almaniyadan başqa digər Avropa dövlətlərinin də iştirakına hüquqi qiymət vermiş olub.