“Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiyanın qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. 2023-cü ildə Rusiyanın Hindistanla ticarət mübadiləsi iki dəfə artaraq 55 milyard dollara yaxınlaşıb. Bu, iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Hindistanın əsas ticarət tərəfdaşı ABŞ-dır:
“İki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır. Moskva ABŞ-dan geri qalmaq istəmir. Rus ekspertlərin fikrincə, 2030-cu il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, Hindistandan isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq.
Moskva Dehli ilə hərbi əməkdaşlığı genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb.
“The Times of India” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayımladığı məqalədə Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağı vurğulanıb. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə məqsədilə yeni doktrina hazırlayıb. Həmin doktrina hökumətə təqdim edilib. Sənəddə Hərbi Hava Qüvvələrinin Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb.
Elxan Şahinoğlu
Beləliklə, Hindistan hərbi gücünü artırmağı qarşısına hədəf qoyub. Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Bakı Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Azərbaycan diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb”.
Turan Rzayev
Globalinfo.az