Rusiya genişmiqyaslı hücuma start verir – Ən böyük hərbi ekspansiya

Çin Rusiyaya dəzgahlar, mikroelektronika və digər texnologiyaların satışını artırıb. Moskva da bundan raketlər, tanklar, təyyarələr və digər silahların istehsalı üçün istifadə edir.

Bunu “İndependent” nəşrinə ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi deyib.

“Çin Rusiyaya SSRİ dövründən bəri ən böyük hərbi ekspansiyanı həyata keçirməkdə kömək edir”, – o bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Çinlə Rusiya arasında uzun illərdir iqtisadi, ticari əlaqələr yüksək səviyyədədir:

“İki ölkə digər sahələrdəki əməkdaşlığı hərbi sahəyə də daşıyır. Əslində iki ölkə arasında hərbi əməkdaşlıq tarixi də yeni deyil. Uzun illərdir bu əlaqələr mövcuddur, lakin son illərdə münasibətlər dərinləşib.

Regionda Rusiya və Çin Qərbin sanksiya və təzyiq siyasətinə qarşı ortaq hərəkət edirlər. Diqqətçəkən bir məqam isə bu iki ölkənin həm də bir-biri ilə rəqib olmasıdır. Yəni müəyyən sahələrdə əməkdaşlıq edib Qərbə qarşı ortaq hərəkət etsələr də, pərdəarxasında rəqibdirlər.

Bu gün Çinin Rusiyaya yardım etməsi bu ölkənin sırf geosiyasi maraqları ilə bağlıdır. Rəsmi Pekin Moskvanın zəifləməsini istəmir, çünki bu baş verərsə, növbəti hədəf özü ola bilər.

Çin Ukrayna müharibəsində tərəfsiz olduğunu elan etsə də, Rusiyaya dəstəyini əsirgəmir. Mümkündür ki, hazırkı dəstək Rusiyanın hazırlaşdığı genişmiqyaslı hücumla bağlıdır”.

Turan Rzayev
Globalinfo.az