zengezur ordu

“Paşinyanın Qərblə açıq yaxınlaşmasına baxmayaraq, Rusiyanın praktiki müdaxiləyə əl atmamasının bir neçə səbəbi ola bilər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Birincisi, Paşinyanın addımları Rusiyanın Ermənistandakı mövqelərini tamamilə sarsıdacaq həddə çatmayıb. Əgər bu baş verərsə, misal üçün, hərbi bazanın çıxarılması olarsa, o zaman hərəkətə keçə bilər.

İkincisi, Ukraynada müharibənin getdiyi vaxt Rusiya Cənubi Qafqazda Ermənistana müdaxilə ilə özü üçün ikinci cəbhə yaratmaq istəmir. Ermənistanda mövqeləri nə qədər güclü olsa belə, mövcud vəziyyətdə açıq müdaxilə Moskvaya sərf etmir.

Rusiyanın məqsədi Qərbi Cənubi Qafqaza buraxmamaqdır. Bunun üçün Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalaması, kommunikasiyaların açılması, regional müstəvidə əməkdaşlıq formatının yaranması lazımdır”.

Asif0nerimanli 3 900x600 1

Asif Nərimanlı

A.Nərimanlının sözlərinə görə, sülh müqaviləsinin Rusiyanın istəyinə uyğun imzalanması, xüsusilə kommunikasiyaların açılması məsələsində, lazım olan müddəalara Paşinyan imza atıb və bu baş vermədiyi müddətdə onun dəyişdirilməsi hər şeyin yenidən sıfırlanması riskini də yaradır:

“Bu baxımdan, Ermənistana müdaxilə etmədən, regionda onun reallığı qəbul etməyə məcbur olacağı şəraitinin yaradılması prosesi gedir. Bununla yanaşı, Paşinyan Qərblə nə qədər filörtləşsə də, Moskvada onun keçə biləcəyi həddi anlayırlar və qeyd etdiyim kimi, təhlükə praktiki nəticələr yaratmadığı müddətdə ruslar dağıdıcı mərhələyə keçmək istəmirlər. Fikrimcə, Qərb nə qədər müdaxilə etsə də, proseslərin inkişafında Ermənistan hakimiyyəti reallığı qəbul etməli olacaq.

Bu ssenarinin əksi Ermənistan üzərindən ciddi qarşıdurmanın yaranacağı ilə nəticələnəcək. Rusiya açıq müdaxiləyə əl atarsa, Qərb də Ukrayna ssenarisinə gedəcək. Qərb Ermənistanda istədiyinə nail ola bilməsə, bölgədə yeni cəbhənin açılmasında maraqlı olacaq. Bu halda Rusiya Ermənistanı itirəcəyini anlayarsa, onu mövcud sərhədləri daxilində əlindən çıxmasına imkan verməyə bilər. Gürcüstan və Ukrayna təcrübəsi bunu göstərir. Hər iki təcrübə onu da təsdiq etdi ki, belə hadisələrdə beynəlxalq hüquq heç bir rol oynamır. Proseslərin iki istiqamətdə mümkün inkişafı ola bilər: birincisi, Rusiya Ermənistanda hakimiyyəti dəyişir və Qərbi qovur; ikincisi, buna nail ola bilməsə, Ermənistanı parçalayır.

İkinci ssenaridə Azərbaycan Ermənistandan paya sahib ola bilər, buna tarixi əsasları da var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: