1 4

“Avropanın yaxşısını götürmək, pisini atmaq lazımdır” cümləsi çeynənmiş olmaqdan başqa necə də nostalji səslənir, deyilmi? Vaxt var idi, ekzistensial arayış içində olduğumuz illərdə bu fikri opponentlərimizdən tez-tez, didaktik tonda eşidirdik. Məntiqli səslənə bilər, amma əslində heç nə izah etmir, nə o gün, nə bu gün. Çünki əsas məsələ Avropanın “yaxşı” və “pis” tərəflərini ayırmaq, birini atıb o birini götürmək deyil. Əsas məsələ Azərbaycanın öz tarixi, sosial, dini, siyasi, institusional reallıqları içində hansı cəmiyyət və dövlət modelini qurmaq istədiyini dəqiq qavramaqdır.

Pafoslu səslənsə də, bu, intellektual məsuliyyət məsələsidir.

Biz o vaxtlar Avropadan çox şey də gözləmirdik. İnstitutlar, qaydalar, texnologiyalar, funksional dövlət modeli, yəni belə sadə şeylər. İndiki gənclər xatırlamaz, o illərdə Azərbaycanda adi arayış almaq alçaldıcı bir çağırışa çevrilirdi. Gözünü açıb ASAN Xidmət görmüş nəsil dövlət servisinin əzab, rüşvət, minnətlə sinonim ola biləcəyini haradan bilsin? Bu gün onun üçün şəxsiyyət vəsiqəsi, arayış almaq, elektron xidmətlərdən istifadə etmək adi rutindir. Belə də olmalıdır, haqqıdır, ondan minnətdarlıq gözləmək də yersizdir.

Amma eyni zamanda həmin o şərti azərbaycanlı gənc nəzərə almalıdır ki, bu gün bir çox bürokratik vərdişin və mexanizmin sual altında olduğu Avropada — lap konkretləşdirsək, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi ölkələrdə — vətəndaşların ASAN Xidmət kimi imkanı olsaydı, dövlətə xeyli minnətdar olardılar. Deməli, Azərbaycan hansısa sahədə daha çevik, daha sadə və daha insani mexanizm yaratmağa qadir olub.

Opponentlər haqlı olaraq etiraz edə bilər ki, bəs “ASAN Xidmətlə iş bitir? Avropa standartlarını niyə yalnız bürokratiyaya, prosedurlara endirirsən?” Yox, endirmirəm, əksinə, Avropa deyəndə hüququn üstünlüyünü, vətəndaşın ləyaqətini, dövlətin hesabatlılığını nəzərdə tuturam. Daha artığını da deyə bilərəm: Avropa sivilizasiyası alternativsizdir. Kiməsə mübahisəli fikir kimi görünə bilər, amma məncə, aksiomadır. Ağır və ləng bürokratiyası, qeyri-adekvat siyasi gedişləri, xüsusilə də Avropa Parlamentinin vaxtaşırı nümayiş etdirdiyi düşüklük Avropa sivilizasiyasının alternativsiz olması faktını inkar etmir. Bu artıq ayrıca yazının mövzusudur, biz isə davam edək.

Azərbaycan hansı şəraitdə və necə modernləşməyə çalışır?

Modernləşmə yalnız elektron hökumət, yeni yollar, beynəlxalq tədbirlər və sammitlərlə ölçülmür. Bu həm də ideoloji mühit məsələsidir. Azərbaycan sekulyar, dünyəvi, müasir dövlət modeli qurmağa çalışır, vizyonu budur, di gəl ki, bunu steril laboratoriya şəraitində etmədiyinə görə proses zamanı sağdan-soldan enən zərbələri də qaytarmalı olur. Ətrafımıza nəzər salmaq kifayətdir ki, bu modernləşmənin bütün başlanğıclarını rüşeym halında boğmağa hazır qüvvələrin pusquda dayandığını görək.

Bir tərəfdə suverenlik faktı ilə barışmamış, onu dərk etməmiş, müstəqilliyin çətinliyi və məsuliyyəti qarşısında tab gətirə bilməmiş rusiyapərəstlər var, rus tanklarını mübaliğəsiz gül-çiçəklə qarşılamağa hazır olanlar. Digər tərəfdə isə modern sekulyar dövlətin təklif etdiyi norma və qaydalarla problemi olan iranpərəstlər. Onların metafizik dramı, mifologiyası, fatalizmi Azərbaycanın hələ ötən əsrin əvvəlində seçdiyi dünyəvi dövlət modeli ilə daban-dabana ziddir. Ona görə də bu qarşıdurmada uzunmüddətli birgəyaşayış mümkün deyil, ya bu arxaik ünsürlərin başı əzilməlidir, ya da Azərbaycanın milli modernlik layihəsi daim hədəfdə olacaq. Söhbət olum-ya ölüm dilemmasından gedir, həmin qüvvələrin nazı ilə oynamaq, hər addımda prosedur gözləmək üçün Azərbaycanın nə tarixi ənənəsi, nə də hazırkı vəziyyətdə belə bir lüksü var.

Qərbin zahiri tərəfdarları olan proaktiv və həyəcanlı azlığa gəldikdə, onlar mahiyyətdən çox formanı görən, “copy-paste”ə inanan (Norveçi götür Azərbaycana yapışdır, işləyəcək), əsasən xoşniyyətli sadəlövhlərdir. Onlardan ölkədəki vəziyyət haqda brifinq almaq istəyən öyrənər ki, Azərbaycanda birinci və əsas problem mitinqlərə icazə verilməməsidir. Xarici dəstəyi daxili “demokratikləşmə, avtoritarizmlə mübarizə” üçün legitim alət sayan bu təbəqənin Qərb institutları ilə flirti isə dövlətdə tamam başqa cür oxunur.

Dövlət deyir, “aha, bunların mənim qurduğum təhlükəsizlik arxitekturası ilə məsələsi var.” Açıq cəmiyyət, vətəndaş fəallığı, siyasi rəqabət, əlbəttə, bəşəriyyətin ağır yollardan keçərək əldə etdiyi nailiyyətlərdir. Amma dövlətin məntiqi də budur ki, sən “açılmaq” istəyirsən, amma bu açılma tək sənin üçün olmayacaq, həmin qapıdan dini radikalizm də, xarici təsir şəbəkələri də, imperiya nostalgiyası da keçəcək və ilk növbədə elə səni yeyəcəklər. Çünki sən asan yemsən. Bəlkə də sənin funksiyan, elə onlara qapı açmaqdır? “Ə, gəl görüm bura”. İnsan bu oyunda hər iki tərəfin məntiqini gördüyü üçün sadəcə üzülür. Dünyəvi modernlik vizyonu ilə prinsipial ixtilafı olmayan heç bir siyasi qüvvənin ağır cəza almasını könül istəməz. Kaş ki iş buralara qədər gəlib çıxmayaydı.

Bir də əlahəzrət passiv çoxluq var. Bu çoxluq cəmiyyətin ən müxtəlif qatlarını əhatə edir: kasıb da var, varlı da, şəhərli də, kəndli də, orta sinif də, yuxarı təbəqə də. Ümumi siyasi kursu və milli modernlik xəttini ən azı instinktiv şəkildə dəstəkləyir. Dövlətin onlardan gözləntisi də odur ki, sərt addımlar repressiya kimi yox, zərurət kimi oxunsun. Zor tətbiqi monopoliyası sui-istifadə hallarına yol açırsa belə, onların “yan təsir” kimi qəbul olunmasına ümid edir. Sistem özü bilər: hansı sui-istifadəyə göz yumacaq, hansını cəzalandıracaq, hansını isə ümumiyyətlə problem saymayacaq.

Burada mən Azərbaycan siyasi sistemində orta statistik azərbaycanlının xarakterini görürəm və açığı, başqa cür olsaydı, təəccüblənərdim. Biz qayda-qanun, aydın prosedurlar istəyə bilərik, amma onların içində mütləq bir əl yeri, manevr imkanı da qalsın istəyirik. Bu bizim DNT-mizə işləmiş davranış mədəniyyətimizdir.

Emosional emosionallığın emosionallığı

Ona görə də Azərbaycanın daxili siyasi mənzərəsini sadə sxemlərlə oxumağa çalışanlar bunu ya naşılıqdan edirlər, ya da qərəzdən. Onların hesabat və bəyanatlarından elə təsəvvür yarana bilər ki, guya Azərbaycanda dövlətin problemi modern, vizyonlu çoxluqla, nəhəng demokratik qüvvələrlədir. Əslində, vəziyyətin nə olduğunu onlar çox yaxşı bilirlər, sadəcə özlərini gicliyə vurmaq onlara sərf edir. Çünki hazır qəliblər var: “siyasi məhbus”, “avtoritarizm”, “qətnamə” və sair. Basırsan, gedir. Bu sxemin içində qalanda moralist ton da, mentorluq da legitim görünür.

Azərbaycanın isə problemi ondadır ki, öz doğrularını aydın və inandırıcı dillə ifadə etməkdə çətinlik çəkir. Kulislərdə, əlbəttə, bütün kartlar açılır, hər şey açıq danışılır, amma publik sferada dövlət mənəvi üstünlüyü çox vaxt bir ovuc, şərti desək, “azad məmələr” hərəkatına qapdırır. Nəticədə mürəkkəb reallıq yüngülməzac “azadlıq”, “tayfa-klan rejimi” ritorikasının altında itib batır. Çətin söhbətdir. Bir tərəf dini-siyasi mobilizasiyanı, xarici təsir şəbəkələrini, radikal qruplaşmaları da “siyasi fəallıq” kimi təqdim etməyə, reallığı öz xeyrinə təhrif etməyə hazırdır və bunu edir. Digər tərəfdən isə təhlükəsizlik məntiqi bəzən o qədər önə çıxır ki, hüquqi prosedurun, şəffaflığın və ləyaqət prinsipinin ayrıca dəyəri kölgədə qalır. Əsas məsələ də bu iki təhrif arasında tarazlığı itirməməkdir.

Burada dövlətin üzərinə çox böyük yük düşür. Dövlətin ideoloji vəzifəsi yalnız xarici təsirləri neytrallaşdırmaq olmamalıdır. Vətəndaşa elə bir milli modernlik vizyonu təqdim edilməlidir ki, nə İranın dini-siyasi modeli, nə də Rusiyanın imperiya arxaikası cazibədar görünsün. Milli modernlik deyəndə mücərrəd danışmıram, şəxsən məndə bunun konkret təsəvvürü var. Sadə dillə desəm: sekulyar, dünyaya açıq, texnoloji, təhlükəsiz, hüquqi, çevik, müasir və özünə güvənən Azərbaycan ideyası. Gözəl ideyadır, amma onu yalnız infrastruktur, elektron xidmət və iqtisadi imkan üzərində qurmaq kifayət deyil. Bunlar vacib şeylərdir, amma kimlik yaratmır. Kimlik üçün parlaq, inandırıcı və intellektual hekayə lazımdır. Vətəndaş hiss etməlidir ki, Azərbaycan sadəcə yaşadığı yer deyil, onun gələcək layihəsidir. Əks halda boşluğu başqaları dolduracaq. Onların hazır hekayələri var.

Vətəndaş da məsuliyyət daşıyır, daşımalıdır. Azərbaycanda qaramatlıq, narazılıq, tələbkarlıq və deyingənlik çoxdur; özü də bu enerji çox vaxt mənfidir, içində işıqlı bir başlanğıc daşımır. Modernləşmə yalnız dövlətin işi deyil, ağrılı səslənsə də, modern dövlət modern vətəndaş tipi də istəyir. Bu tip hansı düşüncənin adamı olmalıdır? Daha az “hamı mənə borcludur”, daha çox “mən də bu sistemin məsul iştirakçısıyam”. Gəlin özümüzü aldatmayaq, bizim “məmləkət dərdi” adlandırdığımız bütün intellektual müzakirələrin mərkəzində dayanan mövzu da bu deyilmi? Bollivudun fantastik estetikasını mükəmməl ifadə edən məşhur səhnəni xatırlayın: şillə yeyən gəlin fırlana-fırlana uzaqlaşır, aşır, qalxır, yenə uzaqlaşır, sonra pərdəyə ilişir, pərdə boğazına dolanır, yenə fırlanır, fırlanır və səhv etmirəmsə, axırda ölür. Azərbaycanda soyuqqanlı dövlət ağlı məhz bu temperamentlə işləməli olur. Bir də özümüzdən soruşaq: biz hansı cəmiyyətdən emosiya, gurultu və ani reaksiya yerinə strateji düşüncə və məsuliyyət tələb edirik? İnsaf da yaxşı şeydir.

Bəs Azərbaycanın Avropa yolu nədir?

Onu Azərbaycanın özü müəyyən etməlidir ki, Avropa sivilizasiyasından ona nə və nə qədər lazımdır. Münasibətlərdə tabeçilik və tərbiyəçiliyi rədd etmək Azərbaycanın haqqıdır. Avropa yolu itaət marşrutu deyil. Bu, çox aydın mövqedir və qınanıla bilməz. Azərbaycan öz reallıqlarını, əndişələrini, üstün və zəif tərəflərini anlayaraq, ölçüb-biçərək suveren modernləşmə yolu qurmalıdır. Onsuz da bu yolda fatalizm, qaramatlıq və imperiya nostalgiyası kimi ağır əngəllər var. Ölkənin qarşısına əlavə problemlər çıxarmağa ehtiyac yoxdur. Azərbaycan da öz növbəsində Avropa ilə işləməli, öyrənməli, şəffaflığı, prosedur aydınlığını və insan ləyaqətinə hörməti gücləndirməlidir. Amma bunu Avropanın xoşuna gəlmək üçün yox, öz milli modernlik strategiyasının bir hissəsi kimi etməlidir. Əgər Avropa sivilizasiyasının alternativsiz olduğunu deyiriksə, bu o demək deyil ki, Qərb institutlarının hər davranışı ilahi vəhydir.

Məni qorxudan yalnız bir ehtimaldır: arxaizmə yuvarlanmaq. Modern texnologiyalar, güclü təhlükəsizlik aparatı və böyük resurslar hələ modern dövlət demək deyil. Bunların hamısı çox asanlıqla arxaikanın xidmətçisinə çevrilə bilər, adamın heç ruhu da inciməz. Dini-siyasi radikalizmə, xarici təsir şəbəkələrinə və xaos riskinə qarşı sərtlik müəyyən mərhələdə sabitliyə xidmət edə bilər. Amma zamanla bu sərtlik özünü məqsədə çevirərsə, modernləşmə xətti arxaik idarəçilik refleksləri ilə əvəz olunmağa başlayar. Arxaikaya düşmək asandır, oradan çıxmaq çətin.

Ələkbər Əliyev
“Caspian-Alpine Society”
İsveçrə

Paylaş: