Rus ordusu mayın 9-dək oranı tutmalıdır – Sırski

Rusiya qoşunlarına mayın 9-dək Donetsk vilayətinin Çasov Yar şəhərini tutmaq əmri verilib. Ukrayna Silahlı Qüvvələri düşmənin irəliləməsinin qarşısını almaq üçün bu istiqamətdə müdafiəni gücləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram səhifəsində yazıb.

Aleksandr Sırski qeyd edib ki, düşmən Severski Donets – Donbass kanalına çatmaq üçün Baxmutun qərbində müdafiəni yarmağa çalışır. Çasov Yar şəhərinin tutulması Rusiyanın Kramatorsk aqlomerasiyasına doğru daha da irəliləməsinə şərait yaradacaq.

Sırskinin sözlərinə görə, bu istiqamətdə Ukrayna qoşunlarının müdafiəsini gücləndirmək üçün briqadaların döyüş sursatı, pilotsuz uçuş aparatları, elektron döyüş texnikası ilə xeyli gücləndirilməsi tədbirləri həyata keçirilib.

“Cəbhədəki ikigünlük səfərdən çıxan əsas nəticə təlimin keyfiyyətinin, o cümlədən mənəvi-psixoloji komponentin yaxşılaşdırılması, təlim keçmiş operatorlarla müxtəlif təyinatlı yüksək texnologiyalı pilotsuz sistemlərin sayının artırılması zərurətidir. Düşmənin döyüş potensialını azaltmaq üçün asimmetrik hərəkətlər edilməlidir”, – deyə baş komandan vurğulayıb.