Rəsulzadə ailəsi Prezidentə təşəkkür etdi

Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması ilə əlaqədar Rəsulzadənin nəvəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı Rais Rəsulzadə və Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri, tarix elmləri doktoru professor Nəsiman Yaqublu Prezident İlham Əliyevə təşəkkür ediblər.

Globalinfo.az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli Cənab Prezident!

Sizin Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibəti ilə verdiyiniz sərəncam bizi çox məmnun etdi. Bu sərəncam Sizin Azərbaycan tarixinə və bu tarixdə önəmli rol oynamış şəxsiyyətlərimizə diqqətli yanaşmanızın göstəricisidir.

Bu sərəncamınız Dünya Azərbaycanlılarının Həmrəylik Gününə böyük bir töhfədir. Bu həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə Azərbaycanda yeni dəyərlərin üstünlük təşkil edəcəyinə Sizin bir mesajınızdır.

M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi həm də güneyli-quzeyli Azərbaycanın tarixinə sayğılı yanaşmanın göstəricisidir. M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin əsas qurucusu olmaqla yanaşı, həm də Güneydə aparılan azadlıq mücadiləsinin yaxından iştirakçısı olmuşdur. Bu sərəncamdan çıxış edərək onun zəngin ictimai, siyasi, bədii irsinin toplanılıb nəşr edilməsi ilə bütövlükdə tariximiz də zənginləşəcəkdir.

Siz bu mövqeyinizlə əslində Azərbaycanda müxtəlif baxışlara malik insanları da vətənimiz, dövlətimiz naminə bir araya gətirirsiniz və insanlarımızda M.Ə.Rəsulzadənin bütün fəaliyyəti müddətində yürütdüyü “Hər şey vətən üçün, hər şey dövlət üçün!” məramına əsaslanan Azərbaycan xalqının azadlıq mücadiləsini və dövlətçilik dəyərlərini daha da gücləndirirsiniz.

Cənab Prezident, Sizə dərin təşəkkürlərimizi bildiririk!”