Без имени 1 восстановлено 1

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib” bəyanatı Qərbin maraqlarına xidmət edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu mövzuda səsləndirdiyi bəyanatlarını təxribat adlandırıb.

Ermənistan hökuməti sanki Qriqoryanın dili ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasında iştirakının bundan sonra mümkünsüz olduğunu göstərməyə çalışır.

Məqsəd isə beynəlxalq birlik vasitəsilə rus sülhməramlılarının bölgədən çıxarılmasını tələb edib, əvəzində Qərbin sülhməramlı kontingentini bölgəyə gətirməsini təmin etməkdir.

Politoloq Yeganə Hacıyeva Globalinfo.az-a bildirib ki, Ermənistanın guya ittifaq dövlətinə qoşulması üçün Rusiyadan təzyiqlər alması haqqında fikirləri dezinformasiyadır:

“Əslində Rusiyanın ittifaq qurmaq təşəbbüslərinin fərqində olan Ermənistan Qarabağda və Azərbaycanla sərhəddə gərginlik yaratmaqla mövcud vəziyyəti guya Rusiya ona təzyiq edir kimi təqdim etmək istəyir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə Azərbaycanın konstitusion hüququnun təmin edilməsinin, eko-fəalların aksiyasının və s. guya Rusiyanın sanksiyası ilə baş verdiyini göstərməyə cəhd edir. Ermənilər hiyləgərcəsinə ittifaq dövləti qurulması mövzusundan istifadə edərək öz problemlərini Rusiyanın hesabına həll etməyə çalışır”.

Politoloq qeyd edib ki, hər hansı digər sülhyaratma missiyasının Azərbaycana gətirilə bilməsi kimi ssenarilər birmənalı olaraq mümkün deyil:

“Hazırkı dövrdə bu istiqamətdə addım atmaq istəyən istənilən tərəf dünyada yeni bir gərginlik ocağı yaratmış ola bilər. Çünki Rusiya sülhməramlıları olan yerə kənar bir qüvvənin yerləşməsi üçün Azərbaycanın icazəsi lazımdır ki, bu da mümkün deyil.

Birincisi, Azərbaycan hökuməti bununla razılaşmayacaq.

İkincisi, mövcud güclər balansında dördüncü tərəfə yer yoxdur. Bunlar sadəcə avantüradır və Fransanın bu mövzudan istifadə edib, Cənubi Qafqaza sülhməramlı qismində girmək cəhdləri elə öz başında partlayacaq”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: