“ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə dəyişiklik etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sanksiyalar, iqtisadi təhlükəsizlik və beynəlxalq ticarət üzrə eksperti Piter E.Harrell deyib.
O bildirib ki, qanun layihəsi Prezident Donald Trampa Rusiyadan ən çox neft və təbii qaz alan ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq etmək üçün yeni hüquqi alət verəcək:
“Layihənin tərəfdarları bunu əsasən Rusiya neftinin iki ən böyük alıcısı olan Çin və Hindistana təzyiq vasitəsi kimi görürlər. Lakin Avropa İttifaqı, Yaponiya, Türkiyə, Braziliya və Cənubi Koreya da Rusiyadan müəyyən həcmdə enerji resursları almaqda davam edir”.
Harrell hesab edir ki, qanun layihəsindəki qeyri-müəyyən ifadələr Trampa Rusiya ilə əməkdaşlıq edən ölkələri rüsumlarla hədələmək üçün daha geniş imkan yarada bilər.
Ekspert vurğulayıb ki, layihə indiki formada qəbul edilərsə, Tramp təkcə Rusiyaya deyil, ABŞ-ın dost və müttəfiqlərinə qarşı da yeni ticarət təzyiqi aləti əldə edəcək.
“Trampa yeni “tarif silahı” vermək olmaz. Biz Moskvaya daha effektiv şəkildə təzyiq etməliyik”.
Qeyd edək ki, mərhum senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanan qanun layihəsi Rusiya Mərkəzi Bankı, “Sberbank”, VTB və “Qazprombank”a qarşı sanksiyaları, həmçinin Rusiya enerji resurslarını alan Çin, Hindistan və digər ölkələrə qarşı ikinci dərəcəli məhdudiyyətləri nəzərdə tutur. Layihəyə əsasən, ABŞ prezidenti bu ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq edə biləcək.
İyulun 14-də Donald Tramp qanun layihəsinin hazırda nəzərdən keçirildiyini və qəbul olunma ehtimalının yüksək olduğunu bildirib. İyulun 19-da isə o, layihəyə İranın da daxil edilməsinin zəruri olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az