“Qərb Ukraynaya lazım olduğu qədər silah vermir” – hərbi ekspertdən şok ittihamlar 

 

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı diz çökdürmək üçün qışdan silah kimi istifadə etmək istəyir.

O bildirib ki, qışın gəlişi ilə bərabər Rusiya ordusu Ukraynanın enerji təchizatını bombalamağa başlayıb. Stoltenberq deyib ki, Rusiya istəyinə çatmayacaq.

Müharibə yeni başlayanda da Qərbdən buna bənzər bəyanatlar eşidilirdi. Rusiyanın tez bir zamanda məğlub olub, geri çəkiləcəyi deyilirdi. Amma müharibə 10-cu aya keçib, hələ də Qərb Putini məğlub edə, Rusiyanın işğalçılığını dayandıra bilmir.

Siyasi ekspert, hərbi psixoloq Azad İsazadə Globalinfo.az-a mövzu ilə bağlı bildirib ki, Rusiya ordusu cəbhə zonasında Ukrayna ordusuna qarşı heç bir şey edə bilmədiyinə görə, mülki obyektlərə, əsasən də qışla əlaqədar enerji kommunikasiyaları və kommunal xətlərinə zərbə vurur ki, əhali daha çox əziyyət çəksin və bir qismi Ukraynanı tərk etsin:

Azad İsazadə: "Sosial şəbəkə bir reallıqdır, ondan qaça bilmərik" - MÜSAHİBƏ

“Rusiya ümid edir ki, bəlkə əhali buna etiraz formasında öz rəhbərliyindən danışıqlar aparılmasını və təslim olmasını tələb edər. Reallıqda isə bu, əksinə, Ukrayna xalqını daha hirsli və aqressiv edir. Əgər əvvəl danışıqlarla bağlı təkliflər səslənirdisə, indi istər siyasi rəhbərlik, istər xalq heç bir danışıq eşitmək istəmir və ancaq Rusiyadan kapitulyasiyanı tələb edir. Ona görə bu zərbələr Ukraynaya ciddi təsir edə bilməyəcək. Əhali qışda əziyyət çəkəcək, su, enerji olmayacaq, amma təslim olmayacaqlar”.

Ekspertin sözlərinə görə, Qərb Ukraynaya kifayət qədər kömək etmir:

“Qərbin əlində kifayət qədər silah-sursat var və Ukraynaya daha çox silah versəydi, onlar müharibəni qələbə ilə başa çatdıra bilərdi. Son vaxtlar Qərb ölkələri hava müdafiə sistemlərini verməyə başladılar, halbuki bunu zamanında etsə idilər Ukraynanın mülki obyektləri bu qədər zərbə altında qalmazdı.

Hücuma keçmək üçün Ukraynaya daha çox silah lazımdır. Onun kifayət qədər hazırlıqlı əsgər və zabitləri var, motivasiya yüksəkdir. Hazırda texnika çox da hərəkət edə bilmir, amma silah olsa, Ukrayna elə bu qışda torpaq buzlayandan sonra bir-iki uğurlu hücum əməliyyatı keçirib məsələni tam da olmasa, qismən həll edə bilər”.

Gülnar Səlimova
Globalinfo.az