ABŞ-ın müdafiə naziri Pit Heqset və onu müşayiət edən şəxslər naməlum əsgərin xatirəsinə ucaldılmış memorialda söhbət etdikləri üçün sərt şəkildə danlanıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Arlinqton Milli Qəbiristanlığında baş verib.
“Qazilər Günündə təəccüblü olsa da, ABŞ müdafiə naziri də daxil olmaqla bir qrup şəxs Arlinqton Milli Qəbiristanlığında qaydaları pozub. Amerikalı hərbçilərdən biri naziri və onu müşayiət edən şəxsləri gülüşdükləri və söhbət etdikləri üçün ucadan danlamaq məcburiyyətində qalıb.
Mərasim geyimində olan əsgər Pit Heqsetə qışqıraraq xatirə kompleksinin bütün ziyarətçilərinin daim sakitlik və hörmət mühitinə riayət etməli olduğunu bildirib. Daha sonra üzünü çevirib. Bundan sonra Heqset və onu müşayiət edən şəxslər qısa müddətlik geriyə baxsalar da, yollarına davam ediblər”, – deyə qeyd edilib.
KİV-in məlumatına görə, qrupda müdafiə nazirinin həyat yoldaşı Cennifer Heqset, eləcə də onun yüksək vəzifəli müşavirləri, o cümlədən aparat rəhbəri Riki Buria, aparat rəhbərinin müavini Patrik Uiver və müşavir Tami Radabo da olub.
“Bu əlamətdar gündə bir əsgər hər kəsə lazımi davranış qaydalarına riayət etməyin vacibliyini haqlı və hörmətli şəkildə xatırlatdı”, – deyə Pentaqonun nümayəndəsi Şon Parnell bildirib.
Bununla belə, o, Heqsetin və Müdafiə Nazirliyinin əsgərlərin fədakarlığına hər zaman hörmətlə yanaşdığını vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az