Qarabağın azad edilməsində “Rum surəsi” möcüzəsi – Orada nə yazılıb?

44 günlük Vətən müharibəsi və sentyabrın 19-20-də keçirilən uğurlu lokal antiterror əməliyyatlarından sonra artıq əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi bitib.

Son bir ay ərzində separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan həbs edilərək Bakıya gətirildi, rejimin keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycana təslim oldu, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan Qarabağdan Ermənistana keçmək istəyərkən, “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan isə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanıldı.

Ötən gün isə məhv olmuş qondarma rejimin keçmiş “prezidentiləri” Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirildi.

Münaqişə bitdi, lakin geridə bir çox suallar qaldı:

Biz niyə bunları yaşadıq?

Niyə 30 il işğala məruz qaldıq?

Xocalıda, Ağdabanda, Ballıqayada, Başlıbeldə qadınlar, uşaqlar, qocalar niyə faciəvi şəkildə öldü?

Niyə Qarabağdakı məscidər dağıdıldı, donuz, inək fermasına çevrildi?

Niyə Yaradan bütün bu zülmlərə göz yumdu, bizdən üz döndərdi?

Ən əsası da niyə 30 il sonra ədalət bərpa edildi?

Etiraf etmək lazımdır ki, Allahın ədalət anlayışı biz insanlar üçün bir qədər mürəkkəb, bəzən isə anlaşılmazdır. Lakin danılmaz bir gerçək var: haqq gec-tez öz yerini tapır.

Dörd müqəddəs səmavi kitabdan sonuncusu olan Qurani-Kərimin 30-cu surəsi olan “Rum surəsi” bəlkə də buna ən gözəl misaldır:

“Əlif. Ləm. Mim. Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir. Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir”.

Əslində, “Rum surəsi”ndə qeyd olunan hadisələr 602-629 illərdə baş verən Bizans-Sasani müharibələridir. 13 il ərzdində Sasani Şahı II Xosrov Mesopotamiyanı, Suriyanı, Kirenaikanı və nəhayət, bütün Kiçik Asiyanı işğal etdi. 614-cü ildə Sasanilərin ordusu Afrikada peyda oldu və Aşağı Misiri ələ keçirdi. Lakin Sasanilərin bu qələbəsi uzunmüddətli olmadı. Tezliklə bütün qüvvələrini toplayan İmperator İrakli 12 dekabr 627-ci ildə Dəclə çayının sahilində Nineviyanın qalıqları yaxınlığında Sasaniləri darmadağın etdi.

628-ci ildə II Xosrovun sui-qəsdçilər tərəfindən öldürülməsindən sonra oğlu II Qubad 629-cu ildə Bizansla sülh bağladı. Bu sülhə görə, o, Bizansa atası II Xosrovun zamanında Sasanilərin Asiya və Misirdə tutduğu bütün əraziləri qaytardı.

Hadisələrə istər teoloji, istərsə də tarixi-elmi aspektdən baxdıqda keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bənzərliklər açıq şəkildə gözə çarpır.

“Rum surəsi”ndə qeyd olunan Sasani-Bizans müharibələri 27 il çəkdi. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ müharibəsinin aktiv fazası da 27 il çəkib.

Həmin surədə olduğu kimi, zəfər öncə Ermənistana, daha sonra isə Azərbaycana bəxş edildi.

“Rum surəsi”ndə deyilir: “Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz”.

Turan Rzayev
Globalinfo.az